Sevinc Sadıqova: Əfqan Sadıqov 16 gündür aclıq aksiyası edir

“Jurnalist və siyasi məhbus Əfqan Sadıqov 16 gündür ki, jurnalist və siyasi məhbus Əfqan Sadıqov Kürdəxanıda məhkəmənin hökmünə etiraz olaraq aclıq edir. “

Bunu Sevinc Sadıqova Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, Əfqan Sadıqovun səhhəti pisdir.

“Təziqi 80 50-dir. Həkim deyib ki, həyatı təhlükən var( maye az qəbul etdiyindən böyrəyində problem yaranıb və qanına zəhər keçə bilər) “deyə o deyib.

Rəsmilər nə deyir?

Jurnalistin aclıq aksiyası ilə bağlı Bakı İstintaq Təcridxanasının rəhbərliyindən münasibət almaq mümkün olmayıb.

Amma Penitensiar Xidmətin mətbuat xidmətindən cəzaçəkmə müəssisələrində aclıq edən məhbusun olmadığını bildiriblər.

Əfqan Sadıqov hökmə etiraz edir

Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azel.tv saytının redaktorunu hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə günahkar sayaraq yeddi il müddətinə azadlıqdan məhrum edib.

“Mən məhkəmənin hökmünü ədalətsiz hesab edirəm. Ortada heç bir hədə-qorxu, şantaj xarakterli yazı yoxdur. Bu səbəbdən aclığa başlayıram. Ədalət bərpa edilməsə aclığın 20-ci günündən sonra quru aclığa keçəcəm,” jurnalist məhkəmədə deyib.

Xatırlatma

Əfqan Sadıqov mayın 13-də saxlanılıb və Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

İstintaqın iddiasına görə, Sadıqov xeberfakt.az nəşrinin redaktoru Sakit Muradovla birlikdə 10 000 manat rüşvət alarkən saxlanılıb. Bu zaman Muradovu həbs etməyiblər.

Əfqan Sadıqov həbsindən öncə “Taxtakörpüdə gizlədilimiş cinayət hadisəsi“ adlı məqalə ilə çıxış edib. Məqalədə Taxtakörpü qəsəbəsində kimsəsiz və köməksiz olan iki qadına qarşı (onlardan biri azyaşlıdır) cinsi zorakılıqdan bəhs edilir. Jurnalıist qadınlara qarşı zorakılığın araşdırılmamasından narahatlığını bildirib. O həmin məlumatı YouTube kanalı vasitəsilə də diqqətə çatdırıb.

Sadıqov həmçinin narkotik qaçaqmalçılığında əli olduğunu iddia etdiyi bir qrup şəxs və Sumqayıt şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri barədə də tənqidi məqalələrlə çıxış edib.

“Yüksək vəzifəli bir neçə məmuru kəskin tənqid, ifşa etdiyim üçün sifarişin, tapşırıq, göstərişin hardan gəldiyini yaxşı bilirik,” Sadıqov həbsindən öncə Facebook səhifəsində yazıb.

Jurnalist aclığının 20-ci günündə bu aclığı quru aclığa çevirəcəyini bildirib.