Əfqan Sadıqovun apellyasiya məhkəməsi dekabrın 4-nə təyin edilib

Həbsdə olan jurnalist Əfqan Sadıqov 29-cu gündür aclıq edir və onun durumu kritikdir. Bu barədə jurnalistin həyat yoldaşı Sevinc Sadıqova “Amerikanın səsinə müsahibəsində bildirib.

“Təcridxananın rəisi mənə zəng etmişdi ki, Əfqanın vəziyyəti çox ağırdır. Gəlin onu yola gətirin ki, ən azından su qəbul etsin. Həyat yoldaşım həqiqətən ölüm ayağındadır, onun səsi artıq xırıldayır, danışa bilmir. Bunu təcrudxananın rəisi mənə etiraf edir. Mən təcridxanaya getdim. Onun vəziyyəti o qədər pisdir ki, xahiş edib ki, onu həmin vəziyyətdə xərəklə ailəsinin qarşısına çıxarmasınlar. Mən də onun ailəsinin qarşısında mənəvi əziyyət çəkməsini istəmədim. Bu səbəbdən görüşə bilmədik”.

S.Sadıqova istəyir ki, həyat yoldaşını Ədliyyə Nazirliyinin müalicə müəssisəsinə köçürsünlər, tibbi yardım göstərilsin.

O, Əfqan Sadıqovun apellyasiya şikayəinə baxışın təyin edildiyini deyib. “Bu gün vəkilimiz bildirdi ki, nəhayət apellyasiya məhkəməsi dekabrın 4-nə saat 15.30-a təyin edilib”.

Sevinc Sadıqova deyir ki, heç bir aidiyyatı qurum Əfqan Sadıqovun vəziyyəti ilə bağlı rəsmi açıqlama vermir.

Jurnalistin aclıq aksiyası ilə bağlı Penitensiar Xidmətdən şərh almaq cəhdimiz baş tutmayıb.

Amma bir neçə gün əvvəl Penitensiar Xidmətin mətbuat xidmətindən cəzaçəkmə müəssisələrində aclıq edən məhbusun olmadığını bildiriblər.

Ombudsman Aparatından “Amerikanın səsi”nə bildiriblər ki, problemlə məşğuldurlar.

Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azel.tv saytının redaktorunu hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə günahkar sayaraq yeddi il müddətinə azadlıqdan məhrum edib.

“Mən məhkəmənin hökmünü ədalətsiz hesab edirəm. Ortada heç bir hədə-qorxu, şantaj xarakterli yazı yoxdur. Bu səbəbdən aclığa başlayıram. Ədalət bərpa edilməsə aclığın 20-ci günündən sonra quru aclığa keçəcəm”,- jurnalist məhkəmədə deyib.

Əfqan Sadıqov mayın 13-də saxlanılıb və Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

İstintaqın iddiasına görə, Ə.Sadıqov xeberfakt.az nəşrinin redaktoru Sakit Muradovla birlikdə 10000 manat rüşvət alarkən saxlanılıb. Bu zaman S.Muradovu həbs etməyiblər.

Ə.Sadıqov həbsindən öncə “Taxtakörpüdə gizlədilmiş cinayət hadisəsi“ adlı məqalə ilə çıxış edib. Məqalədə Taxtakörpü qəsəbəsində kimsəsiz və köməksiz olan iki qadına qarşı (onlardan biri azyaşlıdır) cinsi zorakılıqdan bəhs edilir. Jurnalist qadınlara qarşı zorakılığın araşdırılmamasından narahatlığını bildirib. O, həmin məlumatı YouTube kanalı vasitəsilə də diqqətə çatdırıb.

Ə.Sadıqov həmçinin narkotik maddə qaçaqmalçılığında əli olduğunu iddia etdiyi bir qrup şəxs və Sumqayıt Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri barədə də tənqidi məqalələrlə çıxış edib.

“Yüksək vəzifəli bir neçə məmuru kəskin tənqid, ifşa etdiyim üçün sifarişin, tapşırıq, göstərişin haradan gəldiyini yaxşı bilirik”, – Ə.Sadıqov həbsindən öncə Facebook səhifəsində yazıb.

Bir çox yerli və beynəlxalq hüquq- müdafiə təşkilatları, o cümlədən Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hökumətini jurnalistin dərhal azadlığa buraxılmasına çağıran bəyanatlarla çıxış edib.