Andranik Köçəryan: “Məğlubiyyəti qəbul etmək və Azərbaycanla diplomatik əlaqələr qurmaq lazımdır”

Vicdanlı olmaq və Qarabağ müharibəsində məğlubiyyəti tamamilə və məsuliyyətlə qəbul etmək lazımdır. Bunu  bu gün parlamentdə çıxış edən müdafiə və milli təhlükəsizlik komissiyasının sədri, hakim “Mənim addımım” fraksiyasının üzvü Andranik Köçəryan bildirib.

“Biz həm döyüş meydanında, həm mənəvi, həm də psixoloji cəhətdən məğlub olmuşuq. Bu vəziyyətdən mümkün qədər tez çıxmaq lazımdır. Nə qədər çətin olsa da qalib tərəflə dialoqa başlamaq lazımdır. Azərbaycanla diplomatik münasibətlərin qurulması gözlənilən perspektivləri dəyişə bilər”, – Köçəryan deyib.

Onun sözlərinə görə, diplomatiya bütün iqtisadi, hərbi və mənəvi-psixoloji risklərin qiymətləndirilməsinə əsaslanmalıdır.

“Ermənistanın təhlükəsizliyi və müdafiəsi ilə bağlı problemlərin effektiv həlli iqtisadi inkişaf və islahatlar üçün əsas olacaq. İqtisadi siyasət orduda islahat və təhlükəsizliyin formalaşması ətrafında qurula bilər”, – “Aysor” saytı Köçəryandan sitat gətirib.