Azərbaycana da peyvənd gətiriləcək: “Rusiya istehsalı olan peyvəndlərin yan təsiri ola bilər”

Artıq bir müddətdir ki, dünyada və Azərbaycanda koronavirusun yenidən yayılması narahatlıq doğurub. Bir çox mütəxəssislər düşünür ki, pandemiya əleyhinə peyvəndlər hazır olmasa, biz uzun illər bu virusla birlikdə yaşayacağıq.

Covid-19  peyvəndi ilə bağlı isə vəziyyət ümidvericidir. Belə ki, Britaniyada dekabrın 8-də ilk vətəndaşa peyvənd vurulub.

Doxsan yaşlı qocalar evinin sakini Marqaret Kenana ABŞ-da qərargahlanan əczaçılıq şirkəti Pfizer və Almaniyanın BioNTech şirkəti tərəfindən birgə hazırlanan iki dozalı peyvənddən birincisi vurulub.

“V-Day” (Qələbə Günü) adlandırılan peyvənd kampaniyası hökumətin tibbi tənzimləyici agentliyin peyvəndi təcili olaraq təsdiqləməsindən təxminən bir həftə sonra başlayıb. Britaniya bununla Qərbin kütləvi peyvənd kampaniyasına başlamağa hazır olan ilk ölkəsi olub.

Amerikada da artıq peyvəndləmə dövrü başlayır və ilkin məlumatlara görə, bu peyvəndlər 90-95 faiz efektiv olur.

Qısa zamanda Azərbaycana da peyvəndin gətirilməsinə başlanacaq

Bu günlərdə peyvəndlərin Azərbaycana da gətirilməasi ilə bağlı xeyli suallar yaranıb, ancaq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmançı peyvəndlərlə bağlı suallara cavab verib: “Koronavirusa qarşı vaksinlərlə bağlı dünya üzrə vəziyyət ümidvericidir. Artıq Böyük Britaniyada əhalinin bir qismi vaksinasiyadan keçib. Bilirsiniz ki, Azərbaycan hökuməti də bu istiqamətdə bir neçə ölkələr ilə danışıqlar aparır və qısa zamanda Azərbaycana da peyvəndin gətirilməsinə başlanacaq”, – deyə o bildirib.

Rusiya istehsalı olan vaksinlərin yan təsiri ola bilər

Tibb elmləri doktoru Adil Qeybulla deyir ki, vaksin virusun yayılma zəncirini qırmaq üçün çox vacibdir və mühümdür, ancaq o, hər şeyi həll edə bilməz. Yenə də bütün hallarda əhali arasında vaksinlərin tətbiqi virusun yayılma zəncirini qıracaq və geniş yayılmasının qarşısını alacaq.

Adil Qeybullanın fikrincə, xarici vaksinlərin yan təsirləri olmayacaq, lakin Rusiya istehsalı olan vaksinlərin yan təsiri ola bilər. “Onlar müasir texnologiya ilə hazırlanmayan vaksinlərdir”, – deyə o, vurğulayır.

Adil Qeybulla deyir ki, vaksinlər ilk növbədə risk qrupu olan təbəqəyə vurulacaq. Onun sözlərinə görə, bu risk qrupuna həkimlər, xəstələrlə təmasda olan texniki işçilər və kiçik tibb işçiləri daxildir.

“Ancaq bütün hallarda vaksinlər ölkə ərazisində pulsuz, əlçatımlı olasa, virusla mübarizə də daha effektiv olar”, – deyə Tibb elmləri doktoru Adil Qeybulla bildirib.

Sual doğuran məsələlərdən biri də budur ki, bu vaksinlər hansı xəstəlikləri olan insanlarda yan təsir yarada bilər və belə olan halda bu xəstələrin vaksinasiyası hansı formada həyata keçiriləcək?

Pediatr Gülnar Abdullayeva deyir ki, bu xəstəlik daha çox yaşlı insanlarda ağır nəticlər verir deyə, ilk növbədə onlar bu peyvəndlənməyə cəlb olunmalıdırlar.

Onun fikrincə, xüsusən xroniki xəstəlikləri olan inasanlarda, şəkərli diabedi olan insanlarda ağırlaşma oldğu üçün onlar bu prosesdə iştirak etməlidirlər.

“Bu virusa bir yaşlı uşaqda da rast gəlinib, ancaq hər hansı bir ağırlaşma, pnevmaniya və ya tənəffüs çatışmamazlığı olmadığı üçün, peyvəndlərin onlarda nə dərəcədə istifadə olunması ilə bağlı bir yanaşma yoxdur”, – deyə o vurğulayıb.

Pediatr deyir ki, başqa peyvəndlərin müxtəlif insanlarda yan təsirləri ola bilər, xüsusən immuniteti zəif olan insanlarda əks effekt verə bilər, ancaq koronavirus peyvəndləri ilə bağlı hələlik dəqiq bir məlumat yoxdur.

“Koronavirus əleyhinə olan peyvəndlərin hələlik tədqiqatları yekunlaşmayıb, araşdırılır. Dəqiq bir məlumat olmadığı üçün yan təsirləri ilə bağlı nəsə demək olmur”, – deyə Pediatr Gülnar Abdullayeva bildirib.

Əvvəlki məqaləQarabağda atəşkəs pozulub: İki kəndin Azərbaycanın nəzarətinə keçdiyi deyilir
Növbəti məqalədə“10 noyabr sülh bəyanatında İran üçün hansısa yer olmadığına görə, İran narahatdır”