Erməni ekspert: “Bütün siyasi və intellektual sahəmiz miflərə və doqmalara qərq olub”

“Məğlubiyyət on illərdir başımızın üstündə qoruyucu qalxan kimi dayanan, əslində isə tələ olan (“dənizdən dənizə Ermənistan” ilə başlayıb, “Vətən” şüarı ilə bitən) mifik arzuları və millətçi mətnləri yenidən şərh etməyimizə kömək edəcək stimul ola bilər”.

Amerika Birləşmiş Ştatlarının Lehigh Universitetinin müəllimi, siyasi araşdırmaçı, politoloq  Arman Qriqoryan Ermənistanın media.am saytına cəmiyyətdəki miflər, erməni millətçiliyi, son müharibə ilə müsahibə verib.

Erməni mütəxəssis bu barədə elə də optimist deyil. O, güman edir ki, hətta belə amansız məğlubiyyətdən sonra da ermənilər miflərin qoynunda qalaraq zaman və resurs xərcləyəcək.

A.Qriqoryan əmindir ki, “neokonservatizm” və “ermənilik” intelektual sferanın demək olar ki, bütün  sahələrinə müdaxilə edərək onu təhriflərə məruz qoyub. Buna görə də hakimiyyətin yüksək eşalonlarında təmsil olunanlar da daxil olmaqla çoxlarına elə gəlir ki, “reallıq plastilin kimi bir materialdan təşkil olunub və ona istədiyin formanı vermək olar”.

Bu miflərin yayılmasında media necə bir rol oynayıb?

Siyasi araşdırmaçı qeyd edir ki, medianın böyük hissəsi ciddi iş görməyə həvəsli deyil, əksinə vacib səslərin boğulduğu kakofoniya yaradır. Onun sözlərinə görə, millətçi miflərə, kompromisə qarşı olan və pafoslu nitqlərə ictimai çıxışlarda həmişə tələbat var.

Qriqoryan deyir ki, Ermənistanda media öz funksiyasını yerinə yetirmir, əgər onun haqqında bir azad bazar modeli şəklində düşünsək, o ideyaların rəqabətini təmin etmir.

“Media monopoliya tərəfindən idarə olunur, təhrifə uğrayır və monopoliya şəklində də fəaliyyət göstərir. Media millətçi mifologiyanı təşfiq etməkdə məsuliyyət daşıyır. Media bu mif tacirlərinə qarşı həddindən artıq tolerant davranıb, onlara çətin, amma açıq aydın olan sualları verməkdən çəkinib”.

“Bu gün bizim əziyyət çəkdiyimiz əsas mif hansıdır?”

Ekspert deyir ki, 2000-ci illərdə A1+ telekanalının bağlanmasından bu yana televiziya xəbərləri xüsusilə sərt nəzarət altında olub. Bu dövrdən başlayaraq televiziya millətçi miflərin formalaşmasında və qorunub saxlanmasında rol oynayıb.

Arman Qriqoryan (solda)

“Qısası, bu gün bizim əziyyət çəkdiyimiz əsas mif hansıdır? Onlar xeylidirlər: öz revanşizmi ilə “Erməni səbəbi”, “milli idealogiya”  Njdeizm “bir qarış torpaq belə yox” idealogiyaları və s. Bu ideyalar bir növ dini-mifoloji çalarlar qazanaraq bizim ideyalar bazarımızda monopoliya yaradıblar”.

A.Qriqoriyan “mif” deyərkən nəyi nəzərdə tutduğundan danışır. O bildirir ki, “erməni səbəbi” məsələn bütün tarixi erməni torpaqlarında Ermənistanın suverenliyinin bərpasını özündə ehtifa edən ideyadır.

Millətçi ermənilər hansı xəyallarla yaşayırlar? 

“Ağlı başında olan istənilən insan üçün aydındır ki, bu bir praktiki məqsəd kimi sadəcə xəyaldır. Bunun nə vaxtsa həyata keçmək ehtimalı yoxdur. Lakin bizdə bu ideyanın təbliği ilə məşğul olan bütöv bir industriya var”. Onlar “tarixi ədalətə” istinad edərək özlərini və başqalarını inandırmağa çalışırlar ki, “tarixi ədalətin” hər hansı bir siyasi mənası var. Onlar israr edirlər ki, əgər daha çox ölkə “Erməni soyqırımı”nı tanısa, bütün sözü gedən torpaqların Ermənistana qayıtması tezləşəcək”.

Erməni ekspertin sözlərinə görə, miflərlə yaşayan ermənilər iddia edirlər ki, Serv müqaviləsi və Vilsonun Arbitral mükafatı nəinki öz hüquqi qüvvəsini itirməyib, hətta dünya ölkələrini Ermənistanın bu torpaqlar üzərindəki haqqını tanımağa məcbur edəcək silaha çevrilə bilər. Onlar israr edirlər ki, Qars müqaviləsi ləğv edilməlidir və bunun kimi başqa şeylər.

“Reallıq ona qarşı hörmətsizlik edəndə həmişə qisasını alır”

“Bir qarış torpaq belə yox” idealogiyasının tərəftarları “qaliblik” və “məğlubluq” ancaq şəxsin niyyətindən asılı olması kimi cəfəngiyyatla məşğul oldular. Onlar döyüşə hazır ordu haqqında, azərbaycanlıların axmaqlığı, Rusiyanın qeyd şərtsiz bizim yanımızda olmaq marağı və sair kimi miflər yaradıblar”.

Siyasi araşdırmaçı deyir ki, amma reallıq ona istədiyin formanı verə biləcəyiniz plastilin deyil, reallıq ona qarşı hörmətsizlik edəndə həmişə qisasını alır.

“27 sentyabr 9 noyabr arası baş verən də bu idi. Bu mövzularda debatlar demək olar ki, baş vermirdi. Baş versə belə, bu miflərə qarşı çıxış edənlərin mövqeyi elə olub ki, onlara belə desək həsəd aparmaq olmur”.

“Bu insanların fikir kimi təqdim etdiyi şeylər əslində fikir yox, şeriyyatdır”

Arman Qriqoryanın sözlərinə görə, doqma və miflərin digər xüsusiyyəti ondadır ki, çox vaxt rasional mübahisələr metafizik səs-küylə qarşı-qarşıya qalır, onu nə təkzib etmək, nə də mübahisələndirmək olmur. Bu insanların fikir kimi təqdim etdiyi şeylər əslində fikir yox, şeriyyatdır.

“Məsələn, professional bir vətənpərvərə izah edirsən ki, ölkənin ambisiyaları onun imkanları ilə uyğunsuzluq təşkil edə bilməz, o isə Qaregin Njdenin sözləri ilə cavab verərək deyir ki, qələbə onu öz ruhunda sabaha daşıyan adama gəlir. Beləliklə, get və səs-küy etməyin hər hansı mənası olduğunu düşünən insana nəyisə izah etməyə çalış”.

Siyasi araşdırmaçı deyir ki, müharibədən bir neçə gün sonra, işlərin ermənilər üçün heç də yaxşı getmədiyi artıq aydın olanda görkəmlisiyasi alimlərdən” biri erməni əsgərinin müasir dünyanın dastanını yazdığını elan edirdi. Buna qarşı nə demək olardı? Demək olardı ki, erməni əsgəri müasir dünya dastanı yaratmır?

“Gerçəkliyin xəyallarla qarışdırılmamasının vacibliyində israr edən hər kəs xalq düşməni…”

“Bizim siyasi sferamız bütün ağlabatan mövzuları ictimai müzakirələrdən kənarlaşdırmış pafoslu axmaqlıqlara qərq olub. Və gerçəkliyin xəyallarla qarışdırılmamasının vacibliyində israr edən hər kəs xalq düşməni, satqın, yahudi-mason konspiratoru olmaqla etiketləniblər, çünki xalqa təriflər yağdıranların və psevdo – artistik çıxışların rəqabət apardığı bu aciz intellektual mühitdə yalnız ən ekstravaqant məqsədləri, arzuları olanlar əsl “erməni” və vətənpərvər hesab oluna bilərdi. Rasional düşüncə və nitq yad və son dərəcə şübhəli qəbul olunur. Reallığa hörmətsizliklə yanaşmağı dayandırma çağırışları da xəyanət hesab olunur”.

Erməni ekspert deyir ki, istəyin özü də bir siyasi vasitədir, bir xəyal qurmalı və sonra onu gerçəkləşdirmək üçün addımlar atmalısan. Cəmiyyətin istəkləri olmalıdır, amma əgər bu istəklər reallıqdan tamamilə qopmuşdursa, onlar mənasızlaşır və onlar haqqında müzakirələr tamamilə qeyri-ciddidir.

“Daha yaxşı olardı ki, xəyallarımız Ermənistanı çiçəklənən ölkəyə çevirmək olsun”

“Məsələn, heç kim “Erməni səbəbi” mifinin alverçilərindən soruşmur ki, “bir gün türklər Serv müqaviləsinin şərtlərini qəbul etsə və bu müqavilədə nəzərdə tutulan əraziləri Ermənistana verməyə razılaşsa, biz nə edəcəyik?

Biz 20 milyon türk və kürdün yaşadığı bu əraziləri suveren Ermənistana birləşdirməyə hazırıqmı? Təbii ki, biz bu insanlara haqlar verməliyik və Ermənistan parlamentində keçirilən seçkilərdə iştirak etmək hüquqlarını təmin etməliyik. Və əgər biz bunu etməyə hazırlaşmırıqsa, biz bu insanlarla konkret olaraq nə etməyə hazırlaşırıq?”

Arman Qriqoriyan deyir ki, əgər tarixi Ermənistan torpaqlarının qaytarılması insanların emosiyalarına istiqamətlənmiş tamaşa deyilsə, doğrudan da konkret siyasi məqsəddirsə, bunlar cavab verilməli olan ən əsas suallardır.

“Tarixdən qisas almaq istəyi sağlam bir istək deyil”

“Bəli siz haqlısız ki, cəmiyyətin arzuları, məqsədləri olmalıdır, lakin bu arzular gerçəklə tamamilə əlaqəsizdirsə, mən onların mənasını anlaya bilmirəm. Daha yaxşı olardı ki, xəyallarımız Ermənistanı çiçəklənən elm, texnologiya və sənət ölkəsinə çevirmək olsun.

Tarixdən qisas almaq istəyi sağlam bir istək deyil, xüsusilə əgər sənin xalqının bunu etmək üçün sadəcə imkanları kifayət qədər deyilsə. Öz tariximizdən qisas almağın ən yaxşı yolu tariximizin məntiqini dəyişmək olardı. İcazənizlə bir şeyi də qeyd etmək istəyirəm. Yuxarıda sözü gedən ideoloji və mədəni atmosfer hər hansı bir hekayənin intellektual və ya psixoloji təzahürü deyil. O özündə müəyyən konkret maraqları ehtiva edir”.

Siyasi araşdırmaçı deyir ki, iqtisadi rifah üçün bu hekayənin sabitliyindən asılı olan bütöv bir intellektual və mədəni alt qat var. Buna görə öz əziz ömürləri boyu onu müdafiə edirlər.

“Bir qayda olaraq məğlubiyyət ayıldıcı hadisədir”

“Başqa sözlə “erməni səbəbi” bir biznes kimi faəliyyət göstərir. Və bu biznes çox aşağı keyfiyyətli məhsul istehsal etdiyi üçün onun sağ qalması raqəbətin olmamasından asılıdır. Bu səbəbdən də hər hansı bir fərqli fikrə və rəqabət işarələrinə qarşı dözümsüz və qəddar davranırlar və bu səbəbdən də elmi və intellektual mübahisələrə xas oyun qaydaları ilə oynamırlar”.

A.Qriqoryan deyir ki, bir qayda olaraq məğlubiyyət ayıldıcı hadisədir. Onun sözlərinə görə, qorunub saxlanan erməni milli mifləri yenidən şərh etmək üçün bir şansdır.

“Məğlubiyyətin soyuq duş effekti göstərəcəyi və səyləri həqiqətən də vacib mövzulara yönəldəcəyinə dair hər hansı ümid varmı? Məğlubiyyət dövlətlər və cəmiyyətlər üçün dəhşətlidir, lakin onların müsbət təsiri də ola bilər. O, cəmiyyətə məğlubiyyətə gətirib çıxarmış bir çox fikir və fərziyyələrin iflas etdiyini anlamağa və onların kənara atılmasına kömək edə bilər”.

Politoloqun sözlərinə görə, məğlubiyyət bu fikirləri və ideyaları müdafiə edən daşlaşmış institutlarda, qurumlarda və bürokratik sistemlərdə sabitliyi pozur.

“Lakin mən bunların bizdə baş verəcəyinə inanacaq qədər optimist deyiləm. Hər şeyə rəğmən, millətçi miflər həm Ermənistanda, həm də diasporada çox güclüdür, bu miflər yaxşı maliyyələşir və əksər insanlar üçün ən azından duyğusal səviyyədə qəbul edilməsi daha asan olan şeylərə istinad edir. Nə qədər ki, institusional mexanizmlər və maliyyə milli mif alverçilərinin əlində cəmləşib, biz bu məğlubiyyətin bizə bəxş etdiyi fürsəti əlimizdən qaçıra bilərik”, – deyə Arman Qriqoryan müsahibəsində bildirib.

Tərcümə: Abzas