Ermənistan prezidenti böhrandan çıxış yolu təklif edib

Qarabağ müharibəsinin Ermənistanda yaratdığı böhranlı vəziyyətdən çıxmaq üçün növbədənkənar parlament seçkiləri keçirilməlidir. TASS-ın məlumatına görə, bu sözləri Ermənistan prezidenti Armen Sarkisyan Moskvaya səfəri çərçivəsində noyabrın 30-da Rusiyada yaşayan erməni icmasının nümayəndələriylə görüşü zamanı deyib. 
“Belə faciənin baş verdiyi istənilən ölkədə hökumət istefaya getməlidir. Növbədən kənar seçkilər keçirilməli, buna qədər isə milli razılıq hökuməti qurulmalıdır”, – Sarkisyan bəyan edib.
Onun sözlərinə görə, ermənilər bir-birlərini “ağ-qara” görməkdən əl çəkməli, səhvlərdən nəticə çıxarmalı, hər kəsin qürur duyacağı ölkə yaratmalı və qələbə qazanacaq ordu qurmalıdırlar: “Dirçəlişə dostların və müttəfiqlərin, ilk növbə də Rusiyanın yardımıyla hamımız birgə nail olmalıyıq”.
Ermənistan prezidenti bundan əvvəl də hökumətin istefa verməli olduğunu bildirmişdi. II Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra Ermənistan müxalifəti Nikol Paşinyanın başçılıq etdiyi hökumətin istefası tələbiylə kütləvi aksiyalar keçirir.