Hulusi Akar Bakıya gəlib: “Mərkəz işə başladıqdan sonra fəaliyyətimiz daha da güclənəcək”

Türkiyənin milli müdafiə naziri Hülusi Akar Azərbaycana səfərə gəlib.

Nazir Qarabağda atəşkəsə nəzarət üçün Ağdam rayonunda yerləşəcək Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzində xidmət edəcək türkiyəli hərbçilərlə görüşüb.

“Biz vəzifəmizi yerinə yetirməyə hazırıq. Mərkəz işə başladıqdan sonra fəaliyyətimiz daha da güclənəcək. Azərbaycanlı qardaşlarımızın hüquqlarını müdafiə etmək üçün vəzifəmizi yerinə yetirəcəyik”, – H.Akar deyib.

Mərkəz

“Türkiyə və Rusiya arasında imzalanan razılığa əsasən Qarabağda atəşkəsə riayət olunmasını və nəzarəti təmin etmək məqsədi ilə Ağdam rayonunda təsis ediləcək Ortaq Mərkəzin ən qısa zamanda fəaliyyətə başlaması üçün zəruri işlər Azərbaycan və Rusiya ilə əlaqələndirilərək davam etdirilir,” Türkiyə Müdafiə Nazirliyinin dekabrın 20-də dərc etdiyi xəbərdə deyilib.

“Eyni zamanda, Azərbaycan ordusuna dəstək verilməsi məqsədi ilə Türkiyə MN-nin 135 nəfərdən ibarət 2 Xüsusi Mina Axtarış və Təmizləmə qrupu tərəfindən Qarabağda Ermənistan işğalından azad olunan rayonlarda sahələrin minalardan təmizlənməsi işi həyata keçirilir,” məlumatda qeyd olunub.

12 qrup tərkibində ümumilikdə 64 nəfərlik işçi heyət isə mina axtarışı və təmizlənməsi üzrə azərbaycanlı həmkarlarına təlim keçir.

Türkiyə MN bildirib ki, bundan sonra da “iki dövlət, bir millət” prinsipi əsasında Azərbaycana yardım göstərilməsi davam etdiriləcək.

Əvvəlki məqaləAzərbaycanın DTX rəhbəriylə Ermənistanın MTN rəhbəri arasında görüş keçirildi
Növbəti məqalədəİran vurduğu Ukrayna təyyarəsində ölən hər bir sərnişinin ailəsinə 150 min dollar verəcək