NASA Aya göndərilməsi planlaşdırılan astronavtların adlarını açıqlayıb

ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) çərşənbə günü yeni “İnsanlı Ay” proqramında iştirak edəcək 18 astronavtı rəsmi olaraq təqdim edib. Doqquz kişi və doqquz qadın Artemis proqramına təyin olunmuş ilk astronavt qrupudur, onların yarısı əvvəlcədən kosmosa uçub. Artemis astronavtlarından ikisi, Viktor Qlover və Keyt Rubins hazırda “SpaceX” şirkətinə məxsus “Crew Dragon” kosmik gəmisininin ilk tam heyətinin tərkibində Beynəlxalq Kosmik Stansiyada xidmət edirlər.

Artemis astronavtları arasında keçən il dünyada ilk dəfə yalnız qadınlardan ibarət qrupun tərkibində Beynəlxalq Kosmik Stansiyada açıq kosmosa çıxan Kristina Koç və Cessika Meir də var.

NASA-nın Floridadakı “Kennedy Kosmik Mərkəzində” keçirilən təqdimat mərasiminə rəhbərlik edən vitse-prezident Mayk Pens Artemis astronavtlarını “Amerika kosmik araşdırmalarının gələcəyi” adlandırıb və bu gələcəyin parlaq olacağını vurğulayıb.

Artemisin təxmini olaraq gələn il üçün planlaşdırılan ilk missiyası NASA-nın yeni güclü kosmik uçuş sisteminin və insanları Aya və Marsa daşımaq üçün hazırlanmış dərin kosmik Orion kapsulunun pilotsuz sınaq uçuşu olacaqdır.

NASA 2024-cü ildə Artemis heyətini aya endirmək məqsədinə çatsa, bu, 1972-ci ildə həyata keçirilən əfsanəvi Apollon proqramından sonra ikinci insanlı ay missiyası olacaq.

Əvvəlki məqaləAlimlər onkoloji xəstəliklərlə bağlı yeni müalicə üsulu irəli sürüblər
Növbəti məqalədəRəşad Şirin: “Azərbaycan sülh quruculuğu işində irəli düşməlidi”