Qarabağa investisiya axınları: ona necə yön verməli? – Məhəmməd Talıblı

Məhəmməd Talıblı

Məhəmməd Talıblı

İşğal altından azad olmuş əraziləri avtomobili yenidən yığan kimi yığmalıyıq. Mühərriki, təkəri və digər hissələri avtomobilin qəzasından sonra sanki tam sıradan çıxıb. Sadəcə dəmir qabıqdan ibarət olan bir avtomobili qoyublar gözümüzün qarşısına. İqtisadiyyatın bu “avtomobilinə” də kənar dəstək lazımdır. İnvestorları bu bölgədə iş görməyə inandırmalıyıq. Onu motivasiya etməklə çeşidli təşviq alətlərindən istifadə etməliyik. Bu zaman 3 istiqamətli sərmayələr potensialını hərəkətə gətirməliyik:

(I) dövlət büdcəsindən kapital qoyuluşu xərclərini artırmalı;

(II) daxili investisiyaların önünü bu regiona açmalı;

(III) xarici investorların maraqlarını bu bölgəyə daşımalı;

Azərbaycanın son illərin ən səxavətli xərc maddəsi tikinti, təmir və infrastruktura yönəlik xərc istiqaməti sayılır. Hər il büdcə xərclərinin hər 100 manatınım ortalama olaraq 35-39 manatını infrastrukturun qurulmasına və ya yenilənməsinə xərclədik. Bundan sonrakı dövlət büdcəsində 2 istiqamətli xərclərimizi artırmalı olacağıq:  kapital qoyuluşu xərclərimizi və müdafiə xərclərimizi. Deməli ictimai vəsaitlər (dövlət büdcəsi bu kateqoriyaya aiddir) hesabına Qarabağa yönəldə biləcəyimiz sərmayə mənbəyi hesab oluna bilər.

Daxili investorları işğaldan azad olmuş ərazilərə sərmayə qoymaları üçün institsional güzəştlərdən başlamış vergi tətillərinədək rəngarəng həvəsləndirmə mexanizmləri təklif etməliyik. Bu həm də mühacir kapitalın çeşidli ölkələrə axının qarşısını almış olar.

Dövlət vəsaitləriləri hesabına yaradılmış investisiya infrastruktur xarici sərmayənin cəlbolunması üçün plastarm rolunu oynamalıdır.Yəni, infrastrukturun cəlbediciliyi hesabına ölkəyə xarici sərmayənin axını şərtləndirməlidir. Məhz xarici investisiya gələndə o iqtisadiyyatda dəyər yaradır. Deməli, infrastrukturun dəyər yaratmaq imkanlarından istifadə edilməlidir. İnfrastruktur dəyər yaratmayanda xərc yaradır. Çünki, yaradılmış infrastrukturun özü ildən-ilə özü üçün əlavə olaraq istismar, amortizasiya xərcləri tələb etməyə başlayır. Ona görə, elə bir infrastruktur sistemi yaradılmalıdır ki, o sonradan mütləq və mütləq özünə xarici investisiyanı cəlb edə bilsin.

Xarici investorlarla isə münasibətimizi tamam başqa formatda qurmalıyıq. “Gəl Qarabağa investisiya yatır” kimi bəsit formatları bir kənara qoymalıyıq. Bizim Qarabağla bağlı ayrıcı investisiya strategiyamız olmalıdır. Biz qəbul etməliyik ki, xarici investisiyaların gəlməsi dedikdə, yalnız bir ölkəyə pulun sərhəddi keçməsini təmin etməklə işimizi bitmiş saymamalıyıq.

Biz elə investisiya strategiyası qurmalıyıq ki, sərmayələr özü ilə bərabər və ya arxasınca yeni texnologiyaları, müasir menecmenti, bilikləri, vərdişləri və s. gətirsin. Məhz bu effektiv sərmayələr bizim ölü zona kimi qəbul etdiyimiz Qarabağımızı dirçəldə bilər.

İnvestisiya cəlb etmənin meyarları

Əvvəlcə işğaldan azad olunmuş bölgələrimizdə əlverişli iqtisadi rejim formalaşdırmalıyıq. Biznesin yaranması və inkişaf etdirilməsi üçünsə investisiya mühiti yaradılmalıdır. İnvestisiya iqlimini şərtləndirən 4 istiqamətli (siyasi, iqtisadi, hüquqi və sosial) amilləri normal hala gətirməliyik. Xarici investisiyanın prioritetləri dəqiq müəyyənləşməlidir. Dağlıq Qarabağın siyasi və hüquqi tanıtımında aydın mövqeyi olan dövlətləri təmsil edən şirkətlərin bu regionun biznes subyekti olmasına daha çox önəm verməliyik. Konkret Türkiyə investorları üçün birmənalı və üstün meyarlar ortaya qoyulduğu halda, məsələn digər ölkələr üçün məhdudlaşdırıcı hallar tətbiq edə bilərik. Bu sıraya Fransa dövlətini aid etmək olar. Fransa şirkətləri üçün də qadağanedici normalar müəyyənləşdirə bilərik. Fransa şirkətləri başda olmaqla bir neçə dövlətin şirkətlərinin Qarabağda investisiya fəaliyyətini qadağan edən qanun da qəbul edə bilərik. Bu dövlətin senatı Qarabağı bizim ərazi saymırsa, bizim parlament də həmin dövlət üçün də etiraz bəyanatı və həmin dövlətdə mövcud olan şirkətlər üçün oxşar qanunlar qəbul edə bilərlər. İnvestisiya fəaliyyəti ilə bağlı bu tip qanunvericilik tələbləri iqtisadi prinsipi olaraq bizim atalar sözündə olduqca dolğun ifadə olunub: tarlada izi olmayanın süfrədə üzü olmamalıdır!

Fransa sərmayəsinə “yox”, Türkiyə sərmayəsinə “hə”

XXI əsrin əvvəllərində (2001) Jak Şirakın prezidentliyi dönəmində məhz Fransa, Avropa dövlətləri arasında ilk olaraq Ermənilərin sözdə “soyqırım”ını tanıdı, 18 il sonra, 2019-cu ilin fevralında Fransanın indiki başçısı Emmanuel Makron 24 aprelin ermənilərin anım günü kimi qeyd olunması haqqında qərar imzaladı. 2020-ci ilin noyabr ayında isə Fransa senatının Dağlıq Qarabağın Ermənistan ərazisi olması haqqında qətnamə qəbul etdi. Bu münasibətlərdən sonra Fransa şirkətlərinin investor kimi iştirakı mümkünsüzdür.

Türkiyə-Azərbaycan investisiya həcmini isə dəfələrlə artırmaq vacibdir. Bu illər ərzində Türkiyə Azərbaycana 11 milyard, Azərbaycan Türkiyəyə 20 milyard dollar investisiya yatırıb. Azərbaycan qardaş Türkiyə iqtisadiyyatında daha çox enerji sektoruna ən böyük yatırım edən investor sayılır. Bundan əlavə inşaat və qida sektorlarında investisiyalarımızın həcmi genişlənməkdədir. Türkiyənin ÜDM-nin həcmi 813 milyard dollar, Azərbaycanda isə ÜDM 45 milyard dollar olduğunu nəzərə alsaq, Türkiyə investorlarının Azərbaycan iqtisadiyyatına nə qədər sərmayə yatırmağa daha çox ehtiyacımızının olduğunu hər iki dövlət qəbul etməlidir.

Biz elə investisiya strategiyası qurmalıyıq ki, sərmayələri epizodik hallar və duyğularımız yox, rasional hədəflərimiz və ağlımız yönəltsin!