Azər Mehtiyev: “Neftin qiymətini heç kəs dəqiq proqnozlaşdıra bilməz”

Azər Mehtiyev

“Neftin qiymətini heç kəs dəqiq proqnozlaşdıra bilməz. Hətta belə deyək ki, Beynxalq Təşkilatlar belə proqnozlaşdırmalarda çox zaman səhvə yol verirlər”

Bu sözləri Abzas.netə açıqlamasında iqtisadçı Azər Mehtiyev bildirib.

Mehtiyev prezident İlham Əliyevin 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə 2021-ci ilin neft qiymətləri ilə bağlı fikrlərini şərh edib.

Prezident deyib ki, o proqnozlaşdırır ki, 2021-ci ildə neft qiymətləri stabil və yüksək olacaq.

İqtisadçı deyir ki, prezident əminliklə belə olacağını deməyib, o, belə ehtimal etdiyini deyib. Ümumilikdə isə neft qiymətlərini proqnozlaşdırmaq çətindir.

“Neft qiymətlərinin dəyişməsi təkcə iqtisadi amillərdən irəli gəlmir, həm də siyasi və başqa amillərdən irəli gəlir. Ona görə də zaman-zaman neft qiymətini aşağı salan amillərlə yanaşı, qaldıran amillər də olur. Hansısa neft istehsalçısı olan ölkələrin daxilində baş verən hadisələr neft qiymətlərinin artmasına da səbəb ola bilir. Bu baxımdan, yəni, neft bazarında qlobal tendensiya yaradan amilləri nəzərə alanda və pandemiyanın təsirlərinin də getdikcə azaldığını nəzərə alsaq, müəyyən bir fikir yaranır”, – deyə iqtisadçı bildirib.

Azər Mehtiyev deyir ki, pandemiyanın başlaması ilə neft qiymətlərinin pis dövrü də başladı, amma pandemiya ilə bağlı indiki vəziyyətə baxanda və zamanla aradan qalxdığını görəndə anlaşılır ki, iqtisadiyyat da faydal; olmağa başlayacaq və bu, neft qiymətlərinə də təsir edəcək.

“Ehtimal etmək olar ki, bu il neft qiymətləri 40 dollar ətrafında olacaq”, – deyə o, vurğulayıb.

İqtisadçı Azər Mehtiyev prezidentin iqtisadçılarla bağlı fikirlərinə reaksiya vermək istəməyib.