Azərbaycan daha 31 hərbçinin cəsədinin qalıqlarını erməni tərəfinə təhvil verib

Qarabağda həlak olmuş erməni hərbçisinin qalıqları.

Bu gün Qarabağ müharibəsi zamanı həlak olmuş 31 erməni hərbçisinin cəsədlərinin qalıqları Azərbaycan tərəfindən ermənilərə verilib. Cəsədlər erməni tərəfində Füzuli rayonu ərazisində təhvil verilir, amma onların haradan tapıldığı haqda Azərbaycan tərəfi heç bir məlumat verməyib. Bu haqda tanınmamış Dağlıq Qarabağ Respublikasının rəsmi qurumları məlumat yayıb.

İlkin məlumata görə ölmüş hərbçilər ehtiyatda olan və hərbi xidmətə çağırılan hərbçilər olub. Onların bəzilərinin üzərində sənədləri də olub, amma ümumilikdə şəxsiyyətlərinin tanınması üçün ekspertiza olunmalıdırlar.

Xatırladaq ki, 44 günlük Qarabağ müharibəsindən sonra aparılan axtarış əməliyyatlarında ümumilikdə 1318 erməni hərbçisinin cəsədləri aşkarlanıb. Cəsədlər əsasən Ağdərə, Füzuli və Hadrut ətrafında tapılıb.