Beynəlxalq reytinq: Azərbaycan hərbi gücünə görə dünyada 68-ci, Qafqazda birinci yerdədir

Bakıda keçirilən qələbə paradı.

Dünya ölkələrinin həbri gücünü ölçən və hər il reytinq cədvəli hazırlayan “Global Firepower Index” təşkilatı 2021-ci il üçün öz reytinq cədvəlini açıqlayıb.

Azərbaycan ordusu siyahıda 138 ölkə arasında 64-cü yerdədir. Təşkilatının məlumatına görə ölkədə hərbi xidmətə yararlı 5 milyona yaxın insan var. Ölkənin müdafiə işində 125 min nəfərlik şəxsi heyət iştirak edir, daha 300 min nəfər isə ehtiyatda olan hərbçilərdir.

Ölkənin müdafiəsində həmçinin 1052 tank, 1450 zirehli maşın, 242 özü yeriyən döyüş maşını, 245 reaktiv qurğu, 145 döyüş təyyarəsi və 17 döyüş helikopteri var. Azərbaycanın hərbi büdcəsi 2 milyard 265 milyon dollardır.

Azərbaycanın düşməni olan qonşu ölkə Ermənistan isə siyahıda 100-cü yerdədir. Ermənistanın hərbiyə yararlı vətəndaşlarının sayı 1,6 milyon nəfərdir. Aktiv hərbi xidmətdə olan hərbçilərinin sayı isə cəmisi 45 min nəfərdir. Ölkənin quru qoşunlarında 210 tank, 750 zirehli maşın, 40 özü yeriyən döyüş maşını var. Ermənistanın hərbi büdcəsi 638 milyon dollardır.

Azərbaycanla qonşu olan digər ölkə Gürcüstan bu siyahıda Azərbaycandan xeyli gerilərdə, 92 yerdə qərar tutur. Araşdırmalara görə Gürcüstanda hərbi xidmətə yararlı 1,8  milyon insan var. Ölkənin hərbi xidmətdə olan şəxsi heyətinin sayı cəmi 20 min nəfərdir. Gürcüstanın hərbi büdcəsi 300 milyon dollardır.