Erməni iqtisadçı: “Ermənistan bu il Qarabağ ermənilərinin elektrik və buğda ehtiyaclarını özü ödəməli olacaq”

Dağlıq Qarabağda ot biçimi.

2021-ci ildən Tanınmamış Dağlıq Qarabağ respublikası Azərbaycana məxsus ətraf rayonları itirəndən sonra iqtisadçıların proqnozlarına görə ağır iqtisadi çətinliklərlə üz-üzə qalıb. Bu haqda Sputnik radiosuna müsahibəsində “İstehlakçılara məsləhət mərkəzi” adlı erməni QHT-sinin rəhbəri, iqtisadçı Karen Çilingəryan deyib.

Çilingəryanın sözlərinə görə Dağlıq Qarabağın ilk problemi elektrik enerjisi imkanlarını itirməklə bağlıdır. Belə ki, əgər əvvəl tanınmamış respublika öz əlində olan elektrik stansiyaları vasitəsilə həm öz ehtiyacını ödəyir, həm də Ermənistana elektrik enerjisi ixrac edirdisə, müharibədən sonra artıq elektrik enerjisi ehtiyacını ödəmək üçün Ermənistandan asılı vəziyyətdə qalıb.

Ekspertin sözlərinə görə Dağlıq Qarabağı əsas elektrik enerjisi ilə təmin edən Sərsəng Su Elektrik Stansiyası hələ də ermənilərdə qalsa da əksər kiçik elektrik stansiyaları Azərbaycan tərəfindən geri alınıb. İndi Qarabağ ermənilərinin əlində cəmi iki su elektrik stansiyası qalıb. Deməli elektrik enerjisi məsələsində tanınmamış respublika Ermənistandan yardım almalı olacaq.

Çilingəryanın sözlərinə görə 2018-ci ildən başlayaraq qondarma respublika Ermənistana elektrik enerjisi ixrac etməyə başlayır. 2021-ci ildə Dağlıq Qarabağdan Ermənistana 330 milyon kilovatt elektrik enerjisi ixracı planlaşdırılırdı, ancaq müharibə bu planı pozdu.

Tanınmamış Dağlıq Qarabağ respublikasından Ermənistana həm də buğda ixrac olunurdu. Bu il isə Qarabağ öz çörək ehtiyacını Ermənistanın hesabına ödəməli olacaq.

İqtisadçı Karen Çilingəryan deyir ki, Ermənistanın illik istehlak etdiyi 500-600 min tonn buğdanın 20-30 faizi, təqribən 150-200 min tonnunu Qarabağ torpağı hesabına ödəyirdilər. 2021-ci ildən isə Ermənistan həm əlavə 20-30 faiz ehtiyacını ödəməli olacaq, həm də Qarabağa buğda yollamalı olacaq. Çünki Qarabağda ermənilərin əkib-biçdiyi torpaqların 90 faizi (Laçın, Qubadlı, Kəlbəcər, Zəngilan, Cəbrayıl, Hadrut, Əsgəran, Ağdərə, Xocavənd rayonlarının böyük hissəsi) Azərbaycanın nəzarətinə keçib.