Ermənistan prezidenti: “Qarabağın alınmasıyla missiyamızın başa çatdığını düşündüyümüz an məğlub olduq»

Ermənistan prezidenti Armen Sarkisyan.

“Dördüncü Respublika”-ya doğru ! – Armen Sarkisiyan

Erməni dövlətçiliyini bərpa etmək imkanı son bir neçə yüz ildə xalqımızın arzusu olub. Bu təkcə öz mədəniyyətimizi, kimliyimizi və tariximizi qorumaq üçün bir yurda sahib olmaq ehtiyacından deyil həm də öz taleyimizə yiyələnə bilmək istəyindən qaynaqlanırdı. Bu praktik olaraq mümkünsüz olanı etməyə nail olmuş əcdadlarımızın missiyası olub. Onlar dövlətçiliyin olmadığı, tarixin qanlı və qəddar sınaqlarına məruz qalmalarına baxmayaraq o zəmini, Ermənistan və erməni olmaq hissini qorumağa nail olub və erməni sivilizasiyasını daha da zənginləşdiriblər.

Əcdadlarımız bizə böyük irs qoyub və bizim onu növbəti nəsillərə tamamilə fərqli keyfiyyət formasında ötürəcəyimizə ümid ediblər.

Beynəlxalq münasibətlər tarixi göstərir ki, kiçik ölkələr tez-tez Osmanlı İmperiyasındakı ermənilərlə olduğu kimi böyük güclərin maraqlarının qurbanına çevrilirlər. Yüksək keyfiyyətli sistemli dövlət qurmağa nail olan dövlətlər, öz uğursuzluqlarının və əzablarının səbəblərini uğurlu şəkildə təhlil etməyə müvəffəq oldular, öz səhvlərini düzəltmək üçün çalışdılar, gələcək üçün aydın vizyon və inkişaf proqramları hazırladılar. Bu dövlətlər öz vətəndaşlarının daxildəki ehtiyaclarını ödəmək və onları xarici təhlükələrdən qorumaq imkanına sahibdirlər. Onlar həmçinin regional və hətta böyük güclərlə rəqabət aparmağa, öz müttəfiqləri ilə maraqlarını birləşdirməyə, həqiqi, dəyərli müttəfiqlər qazanmağa şərait yaradacaq şərtlər yara biliblər.
Bu cür nümunələr mövcuddur və onlar sübut edir ki, düzgün siyasət, diplomatiya və idarəçiliklə hətta kifayət qədər təbii resurslara sahib olmayan millətlər də əsgər kimi başladıqları yolda krala qədər yüksələ bilər.

Bu gün biz növbəti milli-psixoloji depressiya anını yaşayırıq. Bunun öhtəsindən gəlib gələcəyimizi qurmaq üçün yeni prinsiplərin əsasını qoymağı bacaracayıqmı? Bu yalnız bizim özümüzdən asılıdır.

Hal-hazırki uğursuzluqlar vaxtilə həll olunmamış, son otuz ildə toplanan, dərin kökləri olan problemin nəticələrindən başqa bir şey deyildir. Biz yuxarıdan tutmuş aşağıya qədər hamımız, görünür ki, öz taleyimiz müəyyən etmək üçün üzərimizə əhəmiyyətli məsuliyyət götürmək istəmirik. Və burda söhbət tənqidin əskikliyindən yox onun formal xarakter daşımasından gedir. Biz əvvəllər olduğu kimi bizi doğru istiqamətdə apara biləcək və son nəticədə inkişafa və təhlükəsizliyə gətirib çıxara biləcək dayaq nöqtələri, “xilaskarlar” – fərdlər, ölkələr axtarışındayıq. Bu çılğın axtarışlarda biz unuduruq ki, bizə lazım olan yol düz gözümüzün qarşısındadır və o müstəqil Ermənistan Respublikasıdır.

Bizim minillik xəyalımız reallaşıb: öz evimiz, ən azı bayrağımız, gerbimiz, himnimiz var. Nəhayət ki beynəlxalq ictimaiyyət tərəfindən tanınan Ermənistan dövlətində erməni ola bilmişik. Əsrlər boyunca ilk dəfə 1990-cı illərdə ermənilər öz ərazilərini itirmədi əksinə resursları özündən dəfələrlə çox olan düşmən tərəfindən elan edilmiş müharibədə öz tarixi torpaqlarını geri aldı. Bunu ona görə bacardıq ki, xəyallar və fədakarlıq bizim hərəkətverici qüvvəmiz idi. Biz dəlicəsinə enerji ilə dolu idik: milli məqsədə çatmaq üçün dünyanın hər nöqtəsindəki hər bir erməni hissəciyi maksimum dərəcədə yüklənmişdi.

Növbəti hadisələr əslində tarixin bu hədiyyəsini necə də qiymətləndirmədiyimizi göstərdi. Kiçik ölkələrin və xalqların uğurlu nümunələrinə əsaslanan dövlət və milli quruculuq proyektləri yaradıb həyata keçirməkdənsə özümüzü əsasən bunların imitasiyasına həsr etdik. Daxili immunitetin əsası olan, effektiv dövlət idarəçiliyi sisteminin bünövrəsi hesab olunan hakimiyyətin icra, qanunvericilik və məhkəmə qolları arasında real qüvvətlər bölünməsi yaradılmadı. İstənilən cəmiyyəti formalaşdıran, hökümətin əsas dəyəri hesab olunan vətəndaşları maarifləndirən, məhz bu modeldir. Belə vətəndaş seçib seçilmək hüququnun vacibliyini anlaya və dəyərləndirə bilər. Və daha vacibi belə vətəndaş öz seçiminə, ətrafına və ölkəsinə görə məsuliyyət hiss edəcək. Belə bir sistemin olmaması çətin vəziyyətdə olan və coğrafi olaraq limitlənmiş ölkələr üçün qəbuledilməz lyuksdur.

Məsələn son illərdə biz iqtisadiyyat, yüksək texnologiyalar, hərbi və sənaye kompleksləri, elm, təhsil və səhiyyənin uzun müddətli inkişaf modellərinin tərtibi üçün real resurslarımızın nə olduğunu anlamaq üçün ümumerməni inventarlaşmasını apara bilməmişik. Bu səbəbdən də bizim üçün həyati vacib hesab olunan müdafiə, demoqrafik, informasiya və qida təhlükəsizliyi konsepsiyalarımız yox idi. Müstəqillik əldə etdikdən sonra biz bu boşluqları mənalı şəkildə doldura bilməmişik.

Çox uzağa getməyə ehtiyac yoxdur, 1994-cü ildə Artsaxı (tanınmamış Dağlıq Qarabağ Respublikası — red) azad etdikdən sonra 27 sentyabr 2020-ci ilə qədər bizim Artsaxın siyasi gələcəyi haqqında aydın bir vizyonumuz yox idi. Bizim yalnız lap əvvəldən məhvə məhkum olan, yeni müharibənin başlamasının qarşısını almağa istiqamətlənmiş diplomatiyamız var idi. 20 il ərzində qarşı tərəf Qafqazda ikinci bir erməni dövlətinin yaranmasına yol verməyəcəyini qeyd edir, ən müasir silahlar əldə edir, dünyanın hər yerində aktiv lobbiçiliklə məşğul olur, öz təsir gücünü artırmaq üçün şəbəkələrin əsasını qoyurdu. Nə üçün? Təbii ki, sual ritorikdir çünki cavab hamıya aydındır.

Biz Artsaxın geri qaytarılması missiyasının başa çatdığını düşündüyümüz an məğlub olduq. Biz Artsaxın inkişafının və güclənməsinin real qarantiyalarına — əhali artımına (son 3 onillikdə Artsaxın əhali sayı eyni qaldı), müharibə sənətinin inkişafına, silah inventarının müasirləşməsinə kifayət qədər diqqət ayırmadıq. Biz qarşımızda ciddi bir tapşırıq və təhlükə yoxmuş kimi rahatlaşdıq və yaşamağa davam etdik. Əlbəttə ki Artsax müharibəsindəki qələbə bizim kimliyimizin bir parçasına çevrildi və indi aydındır ki, bu gün bizim üçün ən böyük böhran məhz kimlik böhranıdır. Ermənilər özlərini qalib xalqın nümayəndəsi kimi hiss edərək yuxudan qalxır, işləyir və yenə də yatmağa gedirdilər. İndi isə onlar “biz kimik?” sualına cavab axtarırlar.
Biz həm daxildə həm də xaricdə informasiya müharibəsini məğlub olduq. Arzu olunanı gerçəklik kimi qəbul etdik. Bu yalan hər yerə yayıldı və milli təhlükəsizliyimizə təhtid oldu. Bu xəyali dünyada bizim guya ki, təşkilatlanmış dövlətimiz, müasir iqtisadiyyatımız və elmimiz, güclü ordumuz, demokratik cəmiyyətimiz və azad mətbuatımız var idi. Əslində isə vəziyyət tamamilə fərqli idi. Biz yalnız özümüzü aldatmağa nail olduq və buna görə də əvvəldən məğlubiyyətə qol çəkdik. Bütün bunları kənara atmaq üçün böyük səylərə, iradə və cəsarətə, acı gerçəkliyin gözlərinə dik baxmağa ehtiyacımız var.

Biz çətin vəziyyətdəyik lakin Ermənistanın, Diasporanın və Artsaxın özlərini məğlub hiss etmələrinə yol verməməliyik.

Siyasətdə qızıl qayda var “heç vaxt heç vaxt demə”. Bəli, bugün döyüş meydanında və xarici cəbhədə məğlub olduq, buna görə hal hazırki hökumətin cavabdehlik daşıması lazımdır. Buna baxmayaraq qarşımızda başqa daxili və xarici tapşırıqlar var. Dövlətçiliyimizi qorumaq və onu yeni prinsipial səviyyəyə qaldırmaq üçün duyğularımızı bir kənara qoymalı, çətin, xoşagəlməz lakin vacib olanı etməyə, öz üzərimizdə işləməyə başlamalıyıq, bunu əsas prioritetə çevirməliyik. Bu gün biz (və hər şeydən əvvəl öz vətəndaşları və dünya erməniləri üçün məsuliyyət daşıyan hökumət) dərin bir siyasi, iqtisadi, sosial və psixoloji böhranın mövcud olduğunu qəbul etməliyik. Vətəndaşların onlar tərəfindən seçilmiş parlament üzvlərindən və baş nazirdən böhrandan çıxış yolları haqqında suallara konkret, vaxtı-vaxtında və əsaslı cavablar tələb etmək üçün tam mənəvi haqqları var. Respublika Prezidentinin də öz rolu və məsuliyyəti var.

Cəmiyyətin bölünməsi katastrofik nəticələrə səbəb ola bilər, buna görə də ölkənin və xalqın sağalmasına ehtiyac var. Bunun yeganə ağlabatan resepti Konstitusiyaya və seçki məcəlləsinə ediləcək vacib dəyişikliklərdən sonra bir il içində baş tutacaq seçkilərdir. Bu bizə sıfırdan real dövlət quruculuğu prosesinə başlamağa kömək edəcək. O vaxta qədər isə hakimiyyətin qanuni, balanslı və qərəzsiz qollarından hesab edilən president institutu ətrafında milli razılıq höküməti formalaşdırılmalıdır. Mən bu hökümətin missiyasını aşağıdakı üç məqsədə çatmaqda görürəm.

Birincisi: Müharibənin fəsadlarının dərhal aradan qaldırılması: girovların, hərbi əsirlərin və məcburi köçkünlərin geri qaytarılması, yaralıların düzgün müalicəsi və onlara qayğı, dağıdılmış evlərin və mənzillərin bərpası, evsizlərin normal yaşayış məkanları və şəraiti ilə təmin edilməsi.
İkincisi, ölkəni iqtisadi və siyasi böhrandan çıxaracaq yol xəritəsinin hazırlanması və həyata keçirilməsi.

Üçüncüsü, ağlabatan şərtlərlə erkən seçkilərin keçirilməsi üçün lazımi şərtlərin əldə olunması üçün normativ və hüquqi bazanda islahatının keçirilməsi. Yəni Seçki Məcəlləsinin, siyasi partiyalar haqqında qanunun dəyişdirilməsi və əlbəttə ki, konstitusiya islahatının həyata keçirilməsi. Bundan irəli gələrək sözü gedən hökumət konkret sahələrdə ixtisaslaşmış professionallardan və ekspertlərdən təşkil olunmalıdır.

Bir daha təkrarlamaq istəyirəm ki, “millət xilaskarlarına” və müstəsna şəxsiyyətlərə ehtiyac yoxdur. Ölkə institutlar tərəfindən idarə olunmalıdır, hakimiyyətin qolları arasında nəzarət və tarazlıq sistemi işləməlidir. İstisnasız olaraq bütün vətəndaşlar qanuna hörmət etməli və onun tələblərinə tabe olmalıdırlar. Əks halda özümüzü davamlı böhran vəziyyətinə salacayıq.
Böyük hərflərlə Qanun və onun məntiqi davamı sağlam cəmiyyət və güclü dövlətin əsası, sağ qalmağın və inkişafın təminatçısıdır.

Palamentar dövlət idarəçiliyi sistemində prezidentlik institutu simvolik və formal xarakter daşısa da istənilən siyasi böhranda o canqurtaran rolunu oynaya bilər. Dövlət başçısı və konstitusiyanın təminatçısı kimi prezidentlik institutu yaranmış böyrandan konstitusion çıxışların müzakirə olunduğu əvəzedilməz platformaya çevrilə bilər. Sual yaranır konstitusiyamız idealdırmı ? Bu suala bir cavab var: Yox, bütün başqa ölkələrin konstitusiyaları kimi. Dünyanın hər yerində ölkələrin baza qanunlarına dəyişikliklər edilməsi barədə davamlı olaraq müzakirələr və debatlar gedir. Ermənistan Respublikasının vətəndaşı kimi mənim konstitusiyanın çatışmazlıqları haqqında öz fikrim var lakin Respublikanın Prezidenti kimi mən qanunun tələblərinə tabe olmalıyam. Biz emosiyalara qapıla bilərik lakin bütün siyasi ehtiyaclarımız qanun çərçivəsində həyata keçirilməlidir.

“Üçüncü Ermənistan Respublikası” artıq keçmişdə qalmışdır, üzləşdiyimiz yeni reallıq bizi ayıq-sayıq, məsuliyyətli və məqsədyönlü olmağa məcbur edir. Son onilliklərdə bizi müşayət edən milli laqeydlik, nizamsızlıq, dağınıqlıq, davamiyyətsizlik, yalançı proqramlar, fikirlər və yanaşmalar tarixin arxivinə atılmalıdır.

Çox təsüf ki, bu gün Ermənistanda və erməni dünyasında baş verən drammatik hadisələrin real miqyası, onların səbəbləri və nəticələri haqqında tam təsəvvürümüz yoxdur. Biz başa düşməliyik ki, tarixin yeni səhifəsi bizim üçün yeni çağırışlarla başlayır və bu dəfə heç bir səhvə yol verməmək, səriştəli və peşəkar davranmaq üçün müstəsna bir vacibliklə başlamalıyıq. O yeni səhifəyə “Yeni səhifə”, “Yeni bir başlanğıc”, “Dördüncü Respublika” və ya başqa bir ad verməyimizdən asılı olmayaraq həqiqət budur ki, tarixin yeni bir mərhələsinə qədəm qoyuruq. Müharibənin və məcburi keçid mərhələsi səbəbilə baş vermiş ümummilli şokdan sonra bu məqalədə şərti olaraq “Dördüncü Respublika” adlandırdığımız yeni dövlət quruculuğu işinə başlamalıyıq.

2018-ci ildə baş verən hakimiyyət dəyişikliyi tariximizdə yeni mərhələnin başlanğıcı ola bilərdi, o zaman xalqın birliyi üçün kifayət qədər intuziazm və dəstək var idi lakin o yeni bir idealogiya təklif etmədən yalnız köhnə mərhələnin sonu oldu.

Son müharibədəki məğlubiyyət erməni əskərinin, millətinin və xalqının deyil sistemin məğlubiyyəti idi. “Dördüncü Respublika” xalqımız üçün yeni idioloji, əqli və substantiv bazis olmalıdır. Vurğu dövlətin keyfiyyətinə yönəldilməlidir, bu da öz növbəsində dünyanın başqa yerlərindəki soydaşlarımızla qarşılıqlı münasibətlər sisteminin köklü şəkildə yenidən qurulmasını tələb edir. Geopolitik hissiyat, siyasət, iqtisadiyyat, təhlükəsizlik, hərbi sənaye kompleksi, səhiyyə, elm və təhsil insanlar tərəfindən yaradılır və bu gün bizim ən yaxşı mütəxəsislərə kəskin ehtiyacımız var.

Görkəmli ermənilərin əskikliyi yoxdur və heç vaxt olmayıb, onların yalnız varlıqları ilə qürur duymağı dayandırmalı və onları dövlətimizin reallığının bir parçası etməliyik. Bunun üçün Ermənistan və erməni icmaları arasında süni şəkildə yaradılmış (konstitusiya və qanunlarda olan) Berlin divarını aradan götürmək kifayətdir. Diasporamızla ünsiyyətdə böyük təcrübəyə sahib olduğum üçün onların böyük potensialları barədə əminliklə danışa bilərəm. Bir daha təkrar edirəm ki, bu potensialı üzə çıxarmaq və effektiv şəkildə istifadə etmək istəyiriksə bizim sistemli dövlət yanaşmasına və düzgün idarəçiliyə ehtiyacımız var.

Bizi ağır zəhmət gözləyir amma son nəticədə olacaq uğura şübhə etmirəm. Əsas odur ki, hər kəs buna inanmalı və o günü yaxına gətirmək işində öz bacarıqları və imkanları daxilində iştirak etməlidir. Uzun müddət düşünmək üçün vaxtımız və şansımız yoxdur. 21-ci əsrin çağırışlarına cavab verməyə hazır olan, yeni texnalogiyalara və düşüncəyə əsaslanan, effektiv, nizamlı və təşkilatlanmış, müasir ölkəni, GƏLƏCƏYİN ERMƏNİSTANINI soyuq başlı, çevik və effektiv addımlarla yaratmağın vaxtı yetişib.