Gürcüstan paytaxtında karantin qadağalarının ləğv edilməsi tələbi ilə mitinq keçirilib

Gürcüstanda koronavirus qadağaları əleyhinə aksiya.

Bu gün Gürcüstanın paytaxtı Tbilisidə, hökümət administrasiyasının qarşısında koronavirusla bağlı məhdudiyyətlərin götürülməsi tələbi ilə etiraz mitinqi keçirilib. Etirazçıların bir qismi sonradan Mziuri parkında keçirilən, məktəblərin və universitetlərin açılması tələbi ilə başqa bir etiraz aksiyasına qoşulub.

Etirazçılar məhdudiyyətlərin götürülməsi üçün hökümətə 48 saat vaxt veriblər. Əks halda hökümət binaları qarşısında yeni piketlər keçirəcəklərini bildiriblər.

Etirazçıların tələblərindən biri də dağ-xizəkçilik kurortlarının açılmasıdır.

Xatırladaq ki, epidemioloji vəziyyətin pisləşməsindən sonra Gürcüstan höküməti ötən ilin 28 noyabrından bəri ciddi tədbirlər görməyə başlayıb. Belə ki, bayırda maska taxmaq məcburi olub və hər gün 21:00-dan səhər saat 05:00-a qədər hərəkət məhdudiyyəti qoyulub. yanvarın 8-dən qadağaların yumuşaldılmasından sonra polis gündəlik 700-800 nəfəri karantin qaydalarını pozduğuna görə cərimələyir.