Hollandiyada koalisiya hökuməti uşaq pulu qalmaqalına görə istefa verib

Hollandiyanın Baş naziri Mark Rutte hökumətin istefasını kral Willem-Alexandera təqdim etdiyini açıqlayıb.

Yerli mətbuatın verdiyi xəbərlərə görə, Xalq Azadlığı və Demokratiya Partiyası, Xristian Demokratlar Birliyi, Demokratlar 66 və Xristian Birlik Partiyasından ibarət koalisiya hökuməti vergi idarəsinin gəlir yoxlama sistemində qanunsuzluqlar olması səbəbiylə istefa verib.

Koalisiya hökumətinin 17 martda keçiriləcək seçkilərə qədər keçid hökuməti kimi fəaliyyət göstərəcəyi qeyd edilən açıqlamada o da vurğulanıb ki, bu qərar koronavirusun aradan qaldırılmasına yönəlik tədbirlərin icrasına təsir etməyəcək.

İqtisadiyyat naziri Eric Wiebesin isə ümumiyyətlə tutduğu vəzifədən istefa verdiyi və keçid hökumətində də təmsil olunmayacağı bildirilib.

Hökumət həftəlik kabinet iclasında Nümayəndələr Palatası tərəfindən yaradılan istintaq komissiyasının hazırladığı, uşaqpulu müavinətində yol verilən yanlışları ehtiva edən “Görünməmiş ədalətsizlik” adlı hesabatın siyasi təsirlərini müzakirə etmək üçün toplanmışdı.

Hollandiya Parlamenti tərəfindən yaradılan araşdırma komissiyası 17 dekabr 2020-ci ildə uşaqpulu alan minlərlə ailənin dövlət məmurları tərəfindən səhvən “saxtakar” adlandırıldığını və bu ailələrin yardımdan məhrum edildiyini aşkarlamışdı.