İlham Əliyev: “Bakının razılığı olmadan Qarabağa heç kim getməyəcək”

“Azərbaycan məsuliyyət və ədalət göstərərək Ermənistan ərazisinə daxil olmadı, baxmayaraq ki, oradan raket atəşi açılırdı və onlarla Azərbaycan vətəndaşı həlak oldu”.

Bu barədə dövlət başçısı İlham Əliyev 2020-ci ilin yekunlarına dair müşavirədə bildirib.

“Döyüş meydanında düşmənə dərs verdik. Bu gün Ermənistanı bürümüş böhran onların işğalçılıq siyasətinin nəticəsidir”, – deyə prezident bildirib.

İ.Əliyev Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz işlər aparan xarici şirkətləri də ittiham edib: “Onlar məsuliyyətə cəlb ediləcəklər. Onlar bunu bilsinlər və gözləsinlər bu günü”.

Ölkə başçısı əcnəbiləri Qarabağa buraxan Rusiya sülhməramlılarının fəaliyyətini də tənqid edib.

“Biz sülhməramlı qüvvələrin qarşısında məsələ qoymuşduq ki, bizim icazəmiz olmadan heç bir xarici vətəndaş Dağlıq Qarabağa gedə bilməz. Lakin Fransa parlamentinin nümayəndə heyəti oraya gedib. Bundan sonra Fransa səfiri XİN-ə çağırılıb və ona nota təqdim edilib”, – prezident bildirib.

İlham Əliyev rəsmi Yerevanın hərəkətlərini, xüsusilə Ermənistan XİN rəhbərinin Qarabağa səfərini pisləyib.

“Sənin orada nə işin var? Müharibə onların yadından çıxmasın. Bu səfərlərə son qoyulmalıdır. Biz xəbərdarlıq edirik, əgər belə təxribat xarakterli addımlar atılacaqsa, Ermənistan daha da peşman olacaq. Rusiya nümayəndə heyətinin Ermənistana və Azərbaycana səfəri münasibətlərin normallaşdırılması məsələsinə həsr olunub. Əgər münasibətlər normallaşacaqsa, o zaman belə təxribat xarakterli səfərlərə nə ehtiyac var? Nəyi göstərmək istəyirlər? Yenəmi bizi qıcıqlandırmaq istəyirlər? Unutmasınlar ki, onlara çox baha başa gəldi bu tipli addımlar”, – dövlət başçısı deyib.

Prezident bildirib ki, bütün bu səfərlərə son qoyulmalıdır, heç bir xarici vətəndaş Azərbaycanın icazəsi olmadan o əraziyə gedə bilməz.

“Heç bir beynəlxalq təşkilat, Qırmızı Xaç istisna olmaqla,  oraya gedə bilməz. Bu, bizim ərazimizdir. Bütün dünya bu ərazini Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Ermənistanın xarici işlər naziri, sən kimsən ki, oraya gedirsən? Xəbərdarlıq edirik. Əgər buna oxşar addım təkrarlanarsa, bizim cavabımız çox sərt olacaq”, – İ.Əliyev bildirib.

Ölkə başçısı daha sonra öz səlahiyyətlərini aşan Rusiya sülhməramlıların fəaliyyətinə də toxunub: “10 noyabr bəyanatda onların funksiyaları göstərilib və orada humanitar fəaliyyət göstərilməyib. Amma biz buna göz yumurduq. Biz başa düşürdük ki, indi qışdır, bərpa üçün addımlar və tədbirlər lazımdır. Biz humanitar mülahizələrlə buna razılaşdıq və ermənlər bunu qiymətləndirməlidirlər. Biz həmçinin icazə verdik ki, Qarabağa yüklər Laçın üzərindən deyil, dəmir yolu ilə Bərdədən aparılsın”.

İlham Əliyev ermənilərin evləri və yollarının Azərbaycanın nəzarətində olduğu Qubadlı rayonunda sərhəddin bərpası məsələsinə də toxunub.

“Ermənilər Azərbaycan ərazilərini işğal edib məskunlaşdırarkən düşünmürdülər ki, nə vaxtsa getmək lazım gələcək. Biz onları bir gündə oradan çıxara bilərdik, amma biz vaxt verdik. Lakin onlar Kəlbəcəri zəbt edəndə bizim adamlar oradan dərhal, ayaqyalın, əmlaksız çıxmışdılar. Onlara heç kim vaxt verməmişdi. Bunu xatırlasınlar və bizim münasibətimizi qiymətləndirsinlər”, – deyə prezident deyib.