Karantin qaydaları yumuşaldılır: “SMS icazə ləğv olunur, kafelər açılır”

Azərbaycanda “SMS” icazə, “icaze.e-gov.az” portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv olunur.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib.

Qərara əsasən, 2020-ci il 18 yanvar saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində yaşayış yerini və olduğu yeri “SMS” icazə, “icaze.e-gov.az” portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv olunur.

Bundan başqa, yanvarın 25-dən şəhərlərarası və rayonlararası hərəkətə icazə veriləcək.

Bununla bərabər, Azərbaycan ərazisində iş və xidmətlərin fəaliyyətinə qoyulan məhdudiyyətlər də götürülür.

Qərara əsasən, 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində aşağıdakı iş və xidmətlərin fəaliyyətinə icazə verilir:

● ticarət obyektlərinin fəaliyyəti (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, “Mall”ların fəaliyyəti istisna olmaqla);

● bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);

● muzey və sərgi zallarının fəaliyyəti;

● şəhərlərarası və rayonlararası hərəkət.

Kafe və restoranlarla bağlı qərar isə ondan ibarətdir ki, fevralın 1-i saat 00:00-dan etibarən Azərbaycan ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunur.

Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində pandemiya dövrü ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət olunmalıdır.

Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejiminin yumşaldılması ilə bağlı yeni qərarında yas yerlərində iştirakla bağlı məsələ də öz əksini tapıb.

Yeni qərarda yaxın qohumunun dəfnində iştirakla əlaqədar Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri və Abşeron rayonu, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzləri (kənd və qəsəbələr istisna olmaqla) arasında və onların hüdudlarından kənara hər bir şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin “102” Xidməti – Zəng Mərkəzi vasitəsilə alınmış icazə əsasında hərəkət edə bilər.