Keçmiş səfir: “Moskva sammitində Rusiya öz əzəmətini göstərmək üçün protokol qaydalarını pozub”

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilk dəfə Moskvada, Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə baş tutan iclasda görüşüblər. Moskvada baş tutan görüşdən çəkilmiş fotolar ciddi müzakirələrə səbəb olub.

Görüş baş tutan otağın dizaynı, masa seçimi, görüş otağında təkcə Rusiyanın bayrağının olması və digər mövzular cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəs görəsən, Əliyev və Paşinyanla baş tutan görüşdə Rusiya tərəfi nəyi yanlış edib? Əslində diplomatik protokollara görə görüş hansı formada təşkil olunmalı idi? Rusiya nə mesaj vermək istəyib?

Biz bu suallarla İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri Arif Məmmədova müraciət etdik.

Keçmiş diplomat deyir ki, diplomatik protokol bəlkə də çoxlarına köhnəlmiş dəb kimi görünə bilər, amma bu, dövlətlərarası münasibətlərdə qarışılıqlı sayğı göstərisi kimi vacibdir və bu etiketlər min illər ərzində formalaşaraq indiki vəziyyətə gəlib.

Onun sözlərinə görə, məscidə girəndə ayaqqabıları çıxarmaq yalnız təmizlik üçün deyil, eləcə də kilsəyə girəndə şlyapanı çıxarmaq da təkcə istiliyə görə deyil. Bu baxımdan, dövləti təmsil edən, dövlət adından danışıqlara gedən rəsmi şəxsin və ya şəxslərin qarşılanmasından tutmuş, danışıqların təyin edildiyi salonlar- kabinetlərə qədər bütün xırdalıqlar nəzərə alınır.

“Bu xırdalıqlara hətta o da daxildir ki, qonaqların qarşısına qoyulan su stəkanlarının altına salfet qoyulmalıdır, ya yox?!”, – deyə qeyd edən diplomat onu da əlavə edib ki, elə bu məsələ ilə bağlı da vahid fikir yoxdur, ona görə də müxtəlif ölkələrin təşkil etdiyi rəsmi görüşlərdə salfetli və ya salfetsiz stəkanları görə bilərsiz.

Arif Məmmədov deyir deyir ki, protokol qaydalarına görə dövlət adından danışıqlara gedən şəxsdən əvvəl qəbul edən ölkəyə protokol xidmətinin əməkdaşları göndərilir və onlar diplomatik etiketlərin statusa uyğunluğunu müəyyən edir, səfərin təşkili prosesinin iştirakçısı olurlar: “Buraya aeroportdan (dəmir yolu vağzalından) tutmuş, qonağın yerləşdiriləcəyi otelə qədər bütün xırdalıqlar daxildir. Məsələn, bir detalı qeyd edim ki, rəsmi şəxs mütləq avtomobilin sağ tərəfindən əyləşməli və son məntəqədə də avtomobil elə saxlamalıdır ki, qonağın daxil olacağı qapı avtomobilin sağ tərəfində olsun”, – deyə o, vurğulayır.

Vladimir Putin İlham Əliyev və Nikol Paşinyanla.

Məmmədovun sözlərinə görə, görüş salonu rəsmi tədbirin mahiyyətinə uyğun tərtib edilməlidir. Əgər iki və ya daha artıq ölkənin birinci şəxslərinin görüşü nəzərdə tutulursa, salona mütləq təmsil edilən ölkələrin dövlət bayraqları qoyulmalıdır. Əgər təmsil edilən dövlətlərin sayı 3 və daha artıqdırsa, o zaman dövlət bayraqları da əlifba sırası ilə yerləşdirilir.

Keçmiş diplomat deyir ki, dövlət bayraqlarına sayğı onu tələb edir ki, ölçülərinə görə və yerləşdirilmə baxımından qəbul edən dövlətin bayrağı qonaq dövlətin bayrağından fərqlənməsin. Qonaq dövlətlərin bayrağı əlifba sırası ilə qəbul edən dövlətin bayrağından sağda və solda yerləşdirilir.

Moskva görüşü

Arif Məmmədov deyir ki, konkret olaraq son Moskva sammitindən bəhs etsək, bu, Rusiyanın öz əzəmətini nümayiş etdirmək cəhdi kimi bütün protokol qaydalarının pozulması ilə müşayiət edilib.

Onun sözlərinə görə, qəbul edən dövlətin başçısı qonaq dövlət başçılarını imperatorların heykəllərinin qoyulduğu salonda qəbul etməklə həmin dövlətlərin ərazilərinə iddialı olduğunu göstərib. Eyni zamanda, qonaq dövlətlərin bayraqları qoyulmayıb, bunu «işçi görüş» kimi qiymətləndirmək cəhdləri də yersizdir. Dövlət başçılarının işçi görüşləri ilə rəsmi görüşləri arasında fərqlər arasında dövlət bayraqları ilə bağlı heç bir qayda yoxdur. Bayraqlar hər bir halda olmalıdır.

“Rəsmi danışqıların aparıldığı masa dairəvi deyil, elliptikdir, elliptikin bir kənarında qəbul edən dövlətin başçısı, o biri tərəfində isə iki qonaq dövlət başçısı əyləşdirilib. Bu, «hesabat tələb etmə» jesti deyil, amma bərabərtərəfli status da demək deyil”, – deyə diplomat vurğulayır.
Moskva görüşü sammit, yəni zirvə toplantısı idimi, yoxsa «işçi görüş» ?

Arif Məmmədov deyir ki, protokol qaydalarına münasibətdə bunun elə bir önəmi yoxdur. Ona görə ki, burada dövlət başçıları iştirak edirdilər və protokol fərqləri toplantının keçirildiyi salonun tərtibatında görünməməli idi.

İlham Əliyev, Vladimir Putin, Nikol Paşinyan Kremldə.

Onun sözlərinə görə, rəsmi səfərlər zamanı aeroportlarda rəsmi qarşılanma törəni olur, dövlət başçılarının qatıldığı «işçi səfərlərdə» isə bu mərasimdən başqa bütün protokol elementləri saxlanılır. Əgər bu etiketlər saxlanılmayıbsa, o zaman demək olar ki, qəbul edən tərəf qonaqlara münasibətdə həmin diplomatik etiketləri gözləməyə birtərəfli qaydada ehtiyac görməyib. Qonaq dövlət başçılarının protokol xidmətləri bu səfərdən əvvəl qəbul edən dövlətə ezam ediliblərmi?

“Əgər belə bir göndəriş olubsa və protokol qaydaları bu qədər aşkar şəkildə pozulubsa, demək qonaqları o qədər də ciddiyə almayıblar. Başqa bir detal da var ki, qəbul edən tərəf qonaq dövlətin başçısının protokol xidmətinin öncədən səfərinə ehtiyac hiss etməyib və tədbirin təşkilati hissəsinə müdaxiləyə icazə verməyib”, – deyə İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri Arif Məmmədov bildirib.