KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərli həbs olunub

Vüqar Səfərli - KİVDF-nin icraçı direktoru

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sabiq icraçı direktoru Vüqar Səfərli həbs olunub. Bu haqda baş prokurorluq məlumat yayıb.

“Məlumatda deyilir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi zamanı aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Hesablama Palatasından daxil olmuş materiallar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır.

Aparılmış istintaqla Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sərəncamında olan əmlakın həmin qurumun İcraçı direktoru və əməkdaşlarının digər şəxslərlə əlbir olmaqla şəxsi maraqlarına uyğun istifadə etmələrinə, fəaliyyətin ayrı-ayrı istiqamətləri üzrə proqramların və vəzifələrin icra edilməsi adı ilə rəsmi sənədlərə yalan məlumatlar daxil edilərək xüsusilə külli miqdarda ziyan vurulmaqla mənimsəmələrinə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və digər qanunsuz əməllər törətmələrinə əsaslı şübhələr müəyyən edilmişdir”.

Baş prokurorluq onu əvvəlcədən başqa şəxslərlə əlbir olaraq dövlət büdcəsinə külli miqdarda zərər vurmaqda, vəzifə saxtakarlığında və korrupsiyada ittiham edir.

Qeyd edək ki, Vüqar Səfərli bundan öncə jurnalistlər tərəfindən jurnalistlər üçün tikilmiş binalardakı mənzillərin çoxunu jurnalistikaya aidiyyəti olmayan şəxslərə, texniki işçilərə, katibələrə, bir neçə evi olan jurnalistlərə verməkdə ittiham olunurdu. Bundan sonra KİVDF-də audit yoxlamaları başlanmış və külli miqdarda vəsaitin mənimsənildiyi müəyyən olunmuşdu.