Koronavirusa görə Almaniya iqtisadiyyatı 5 faiz kiçilib

Almaniya İqtisadiyyatı.

Almaniya iqtisadiyyatı koronavirus epidemiyası ilə yadda qalan 2020-ci ildə 5% azalıb. Ölkə iqtisadiyyatı axırıncı dəfə 2009-cu ildə dünyada maliyyə böhranı yaşananda bu qədər azalmışdı.

Federal Statistika İdarəsinin açıqladığı rəqəmlər analtiklər üçün də gözlənilməz olub.
Almaniyanın Ümumi Daxili Məhsulu sonuncu dəfə 2009-cu ildə dünyada maliyyə böhranı yaşananda 5,7% azalmışdı. Sonuncu artım isə 2019-ci ildə 0,6% olmuşdu. Wiesbaden Federal Statistika İdarəsi tərəfindən verilən açıqlamada bildirib ki, koronavirus epidemiyasının təsirlərinin qarşısını almaq üçün atılan addımlar tənəzzülə səbəb olub.

Hesabatda qeyd olunub ki, xidmət və idethsal sektoru başda olmaqla, pandemiya bütün iqtisadi sahələri tənəzzülə uğradıb.

 

İstehlak xərcləri azalıb

2009-cu ildəki iqtisadi böhrandan fərqli olaraq, bu böhran dövründə ümumi istehlakın iqtisadiyyatı dəstəkləmədiyi və özəl istehlak xərclərinin əvvəlki ilə nisbətən real olaraq 6% azaldığı bildirilib. Dövlətin istehlak xərclərinin real ifadədə 3,4% artaraq sabit hala gəldiyi qeyd olunub. Qoruma avadanlığı və xəstəxana xidmətlərində edilən satınalmaların da buna təsir etdiyi bildirilib.

Federal Statistika İdarəsi keçən il mal və xidmətlər ixracı və idxalının 2009-cu ildən bəri ilk dəfə azaldığını açıqlayıb. İxrac real ifadədə 9,9% idxal isə 8,6% azalıb.

İqtisadçılar 2021-ci ildə 3,5% və daha yüksək bir iqtisadi artım gözləsələr də, bu böyümənin həm də pandemiya ilə əlaqədar real vəziyyətə bağlı olacağını düşünürlər.