Peskov Putinin sarayı ilə bağlı: “İcazə verməyin kimsə sizi aldadıb axmaq yerinə qoysun”

Rusiyalı müxalifət lideri Aleksey Navalnının qurucusu olduğu Korrupsiyaya Qarşı Mübarizə Fondunun (FBK) iddialarına cavab verən Kremlin Mətbuat katibi Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin Qara dəniz sahilindəki Gelencik şəhərində hər hansısa bir sarayının olmadığını bir daha təkrarlayıb.

“Rossiya 1” televiziyasında qonaq olan Peskov bildirib ki, mən insanlara çağrış edirəm ki, ağıl işlətsinlər və imkan verməsinlər ki, kimsə onları axmaq yerinə qoysun.

“Putin orada heç nə etmir, Putinin Gelencikdə sarayı yoxdur. Prezidentimizə qarşı yalan açıqlamalar, saxta ifşalar və belə hücumların hazırlandığından məlumatlı idik. Bunların hamısı ara qarışdırmaq üçündür və həqiqətlə əlaqəsi yoxdur”, – deyə Peskov jurnalistin Putinin belə saraya niyə ehtiyac duyduğuna və orada nə etdiyinə dair sualına cavab olaraq bildirib.

“Putinin bununla nə əlaqəsi var?”

Peskov belə bir sarayın olmasını inkar etməsə də, Putinlə əlaqələrini inkar edib.

Onun sözlərinə görə, hər kəs Gelencikdə belə bir sarayın olduğunu deyir.

“Çox böyük ehtimal orada belə bir saray var. Hər kəs deyir var. Yəqinki oranın sahibləri də var. Əgər onlar qanunları pozmayıblarsa, belə bir saraylarının olması normaldır. Ancaq bunun prezidentimizlə nə əlaqəsi var? Bir daha deyirəm, bu material prezidentimizə qarşı aparılan qarayaxma kampaniyasının bir hissəsidir və çox məharətlə hazırlanıb”, – deyə Peskov bildirib.

1,3 milyard dollarlıq saray iddiası

Rusiyalı müxalifət lideri Aleksey Navalnı tərəfindən Almaniyadan Rusiyaya qayıtmazdan əvvəl hazırlandığı deyilən ‘Putin Sarayı’ adlı videoda Rusiya liderinin Gelencik şəhərində 100 milyard rubl dəyərində (1,3 milyard dollar) saray tikdirdiyi iddia edilib.

Navalnının Şeremetyevo Hava Limanında tutulmasından iki gün sonra Yutubda yayımlanan videoya bu günə qədər ümumilikdə 100 milyona yaxın insan baxıb.