Putin Əliyev və Paşinyana: “Nizamlama üçün növbəti addımları müəyyənləşdirmək lazımdır”

Vladimir Putin İlham Əliyev və Nikol Paşinyanla.

Yanvarın 11-də Moskvada Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Rusiya Federasiyasının prezidenti Vladimir Putinin vasitəçiliyi ilə üçtərəfli görüş baş tutub. Putin Kremldə hər iki ölkənin rəhbərini qarşılayıb.

Yanvarın 10-da isə Putin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsilə bağlı məsələlər üzərində müzakirələr aparmaq üçün iclas çağırmışdı. İclasda Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Xarici İşlər naziri Serqey Lavrov, Müdafiə naziri Serqey Şoyqu, FTX-nın direktoru Aleksandr Bortnikov və Xarici kəşfiyyat xidmətinin rəhbəri Serqey Narışkin iştrak ediblər.

Bu iclasla paralele Azərbaycan və Ermənistan xüsusi xidmət orqanlarının rəhbərləri sərhədyanı neytral ərazidə əsirlərin dəyişdirilməsi ilə bağlı müzakirələr aparmaq üçün görüşüblər.

Rusiya prezidenti Vladimir Putin üçtərəfli görüş zamanı Azərbaycan və Ermənistan rəhbərlərinin Qarabağı müzakirə etmək üçün Moskvaya gəldiklərinə görə təşəkkürünü bildirib və Rusiyanın Bakı və İrəvanla tərəfdaşlığı və mehriban qonşuluq münasibətlərini yüksək qiymətləndirdiyini söyləyib.

O, Qarabağda uzun müddətdir davam edən münaqişənin hərtərəfli həlli üçün ilkin şərtlərin yaradıldığını qeyd edib.

“Bu gün Qarabağda sülhməramlılar, sərhəd xəttinin müəyyənləşdirilməsi kimi nizamlama üzrə növbəti addımları müəyyənləşdirmək lazımdır”, – o deyib.