“Putinin sarayı” haqda araşdırmanı YouTubedə 39 milyon nəfər izləyib [video]

Vladimir Putinin Gəlincik qəsəbəsindəki sarayı.

Rus müxalif fəal olan Aleksey Navalninin yaratdığı Korrupsiya ilə Mübarizə Fondunun çəkdiyi “Putinin sarayı. Tarixin ən böyük rüşvət əhvalatı” filmi bu günlərdə YouTubedə yayımlanıb. Cəmi üç gün ərzində 39 milyon insan videonu izləyib. Beləliklə video Navalninin baxış sayına görə ən uğurlu araşdırması olub.

“Putinin sarayı” filmində sübutlarla təsdiqlənir ki, Putin üçün tikilmiş və 100 milyard rubla başa gələn saray dövlət şirkətləri olan “Rosneft” və “Transneft”in pulu ilə tikilib. Bu şirkətlərə isə Putinin iki yaxın dostu İqor Seçin və Nikolay Tokyov başçılıq edir.

Filmdə Putin üçün Krasnodar vilayətinin Gəlincik qəsəbəsində İdokopas burnunda tikilən sarayın arxitektura planı əks olunub. Araşdırmaya görə 17691 kv.metr ərazisi olan bina Rusiyada ən böyük şəxsi yaşayış evidir. Evin ərazisində buz sarayı, kilsə, oranjeriya, çay evi və dənizə çıxan tunel var.

Digər tərəfdən Kremlin sözçüsü Dmitri Peskov araşdırma ilə bağlı jurnalistlərin sualına cavabında deyib ki, “filmdə yeni heç bir şey deyilmir”. O həmçinin bildirib ki, “belə videolar fırıldaqçılar tərəfindən hazırlanır ki, əhalidən pul yığsınlar”.