Rəhbər və müəllim – Məmməd Talıblı

Məmməd Talıblı

Ölkə rəhbərlərini tez-tez görürük. Az qala hər gün onların nitqlərini dinləyirik. Həyat tərzlərindən xəbərdarıq. Sərhəd tanımayan imtiyazları və geniş səlahiyyətləri sadə vətəndaşlarda az qala qibtə hissi doğrur.

Gözqamaşdıran detalları bir kənara qoyub, mahiyyətə varsaq, başqa qənaətə gəlmiş olaraq. Çünki rəhbər şəxs olmaq təkcə yaşamaq dərdi çəkmək və ya məişət qayğılarından ucada durmaq deyil. Həm də yuxusuz gecələrə alışmaq, çətin dillemalarla rastlaşmaq, toplumun ağır yüklərini daşımaq, həyatını hər an risk altına atmaq, karyerana hər dəqiqə son qoymaq kimi keşməkeşli və çətin həyat deməkdir. Əbəs yerə dahilərdən biri deməmişdir:

“Dövlət rəhbəri olmaq üçün nəinki ona doğru can atmaq, hətta ondan xeyli uzaq durmaq lazımdır. Təkcə özünün yox, hamının yükünü öz üzərinə götürmək kimi ağır bir məsuliyyətə görə onu az qala döyə-döyə bu işə məcbur etmək tələb olunur. Lakin insanlar bu yük üçün qan tökür, həyatlarını riskə atırlar.”

Bu kontekstdən yanaşdıqda bir insanın rəhbər, xüsusilə ölkə rəhbəri olmağını başa düşmək çətin olur. Lakin hər bir rəhbər olmaq istəyən insanın da öz iddiasının motivləri var. Bunu da anlamamız lazım…

Böyüklükdən və böyüklərdən söhbət düşmüşkən… Düzdür “böyüklərin” hamısı müəllim deyillər. Ölkə rəhbərləri, tayfa başçıları, din xadimləri, şirkət direktorları da “böyükdürlər”, rəhbərdirlər. Amma bizim hər birimizin böyükləri deyillər. Tabeliklərində olanların “böyükləridirlər”. Onlara müəllim deyə müraciət etsələrdə, bu heç nəyi dəyişmir. Lakin bizlər gözümüzdə yalnız böyük olanlar müəllimdirlər. Bizlər yalnız onlara müəllim deyirik. Onları müəllimimiz sayırıq. Fərq etmir o, şəxs bizə dərs deyib və ya deməyib. Çünki müəllimlərimiz böyükdürlər. Həm də ona görə ki, yolları böyükdür. Onlar böyük ürək sahibləri, böyük ruh daşıyıcısıdırlar.

Müəllimi İsaak Nyutona öz vəzifəsin necə verir?

Professor Əbülhəsən Abbasovun yazılarından birində İsaak Nyutonla bağlı ibrətamiz bir iqtibas gətirmişdi. XVII əsrdə İsaak Barrou adlı istedadlı, olduqca məshuldar riyaziyyatçı, fizik, teoloq yaşayıb (oktyabr 1630 – may 1677). Xaraktecə həddən ziyadə təvəzökar xarakterə və yaradıcı enerjiyə malik olub. Bir neçə dil bilmək üstünlü hesabına qədim riyaziyyatın, demək olar ki, mükəmməl salnaməsini hazırlayıb. Evklid və Arximedin, Apolloniy və Feodosinin, Yaxın və Orta Şərq riyaziyyatçılarının əlyazmalarını, külliyatını sistemləşdirirək onlara özünün mükəmməl şərhilə nəşr etdirib. Onun tələbəsi kim olsa, yaxşıdır? İsaak Nyuton!  İsaak Nyutonun yetişməsində olduqca böyük zəhmət çəkmiş bu şəxs özünün tutduğu vəzifənin məhz özünün xahişi ilə özündən 12 yaş kiçik olan tələbəsi olan İsaak Nyutona verir. O zaman isə İsaak Nyutonun hələ 27 yaşı var imiş…

Başqa bir fəlsəfi əsərdə Nyutonun elmi varisliyə və alimə verdiyi dəyərlə bağlı ibrətamiz bir mükaliməsinə rast gəlmişdim. Böyük fizik Nyuton eyni zamanda çox uzaqgörən şəxs imiş. Onun özü bir alim olmaqla yanaşı, alimlərə hələ də ehtiyacı olduğunu hər addımda qeyd edərmiş. Ona sual edərək:

–   Sən necə oldun ki, bu qədər uzağı görməyi bacardın?

–  Alim cavab vermiş ki, mən dünyaya özümdən əvvəlki böyük alimlərin çiyinləri üstündən baxdığımdan çox uzaqları görə bildim.

Nyutonun bu ibrətamiz cavabı onu göstərir ki, gerçək bilim insanlarının daha çox elm insanlarına ehtiyacı var. Alimin digər alimlərin fikirlərinə ehtiyac hiss etməsi bəlkə də alimliyin əsas əlaməti sayılmalıdır. Alim başqa bir alimə ehtiyac duyursa, nədən elmdən uzaq dövlət adamlarının alimə ehtiyacı olmasın? Gərək, dövlət adamları bu haqda tez-tez düşünsün…

Napoleon Bonapartın müəllimi –  “Fransa gəlir”

Fransanın imperatoru Napoleon Bonapart böyük bir zəfər yürüşündən sonra öz ordusu ilə Paris küçələrindən keçib gedərkən bir nəfər çox çətinliklə gəlib ordunun gəlişini seyr edir. Eynən indiki yerlərdəki icra hakimiyyəti başçılarının ölkə rəhbərinin rayonlara getdiyi zaman insanların onlarla görüşməməsi üçün hansı min bir fırılqdaqları edirlərsə, o zamankı ordunun əsgərləri də həmin şəxsin imperatorun hüzuruna çıxmasına maneçilik göstərirdilər. Bu çaxnaşmanı görən Napoleon əmr edərək onu yaxına burxmalarına göstəriş verir: “Buraxın gəlsin!” deyəndən sonra şərəf tribunasına səslənir: “Diqqət! Hazır olun! Fransa gəlir!” deyərək salam verir. Gələn bu şəxs Napoleon Bonapartın müəllimi idi.

Müəllimlik avtomatik olaraq ucada duran bir peşə deyil. Onu həm də ucada saxlayan dövlət rəhbərləri olmalıdır. O, rəhbərlərin müəllimə, elmə və kitaba daxili bir sayğısı olmalıdır. Çünki rəhbərlər hansı ideyaları və prinsipləri dəstəkləyirsə, həmin ideyalar dominant olur. Onun cazibə dairəsi genişlənir. Cəlbediciliyi artır. Rəhbər şəxs istəsə ki, o məmləkətdə elmə, alimə, kitaba, mədəniyyətə önəm verilsin, onu təşviq edə bilər. Mənəvi motivasiyalardan başlamış maddi dəstəyə qədər çoxçeşidli tədbirləri stimullaşdıra bilər. Elmi inkişafın sürətinə əlahiddə güc qata bilər. O, istəsə ki, zəngin insanlar elm adamlarının başında qoz sındırsın, onda o, vəhşi kapitalizmin reallıqlarını hamıya inandırmaqla “günah keçisi” kimi iqtisadi sistemin xüsusiyyətlərini əlində bayraq edəcək.

Rəhbər müəllimin ayağına gedərsə, o zaman müəllimi hamı ayaq üstə qarşılayar. O, dünyasın dəyişəndə isə ilk başsağlığı rəhbərdən gələrsə, eyni sayğılı münasibət bütün cəmiyyətdən də gələ bilər. Tarixdən ibrətamiz faktlar var. Əmir Teymur ömrünün sonlarında vəsiyyət edir ki, mən öləndə məni müəllimimin ayaqları altında basdırın. Bu vəsiyyətdən sonra Teymurləng öləndə məhz onu müəlliminin qəbrinin aşağı hissəsində dəfn edirlər. Teymurləng bu cür alicənab düşüncəsi ilə müəllimlə rəhbər arasında məsafənin sərhəddini çox dəqiq və nümayişkaranə formada ifadə edir.

Cismimin atası Flipp, yoxsa ruhunun atası Aristotel?

Cəmiyyətdə çox zaman müəllimin fövqəlgücünü görmürük. Vəzifəli şəxslərin maddi zənginliyin görə bilirik, amma müəllimin mənəvi dünyasının mahiyyətinə varmırıq. Məclislərimizdə müəllimin dərin mənalı sözünə yox, daha çox vəzifəli şəxsin alababat ötkəm tərzinə önəm veririk. Vəzifəlisinə yox, müəlliminə diqqət edən cəmiyyət olmalıyıq. Tarixdə çox yaxşı nümunələr var. Makedoniyalı İsgəndərin atası Çar Filip deyirdi ki, mən ona görə fəxr etmirəm ki, İsgəndər mənim oğlumdur. Ona görə də fəxr etmirəm ki, mən İsgəndərin atasıyam. Ona görə fəxr edirəm ki, Aristotel mənim oğlumun müəllimidir. Qısaca olaraq Makedoniyalı İsgəndər deyirdi ki, Flipp mənim cismimin atasıdır, amma ruhumun atası Aristoteldir.

Bu faktın özü sübut edir ki, hətta övladı ölkə rəhbəri olmuş şəxsin valideynləri də onun fərqindədir ki, övladının ölkə rəhbəri olması hər kəsin başının başçısı anlamına gəlmir. Haradan qala müəllimin… Başımıza ağıl yerləşdirməyin yollarını bizə öyrədən şəxsdən axı biz necə üstün ola bilərik?

Elmi vəzifədən üstün tutan əsl alim

Alim olmaq təkcə elmi-akademik kimliyini ifadə etmir. Çox zaman həddini bilməyi öyrədir bilim insanına. Tutduğu yolun hörmətini hər dəfə sənə xatırladır. Haqq etdiyin, bacardığın və layiq olduğun işlə məşğul olmağı sənə təlqin edir. Yəhudilərin ağıllı millət olmasını inkar etmək doğru olmaz. Elmdə özünün damğasını vurmuş Albert Eynşteyni də sıradan alim saymaq mümkün deyil. Onunla bağlı ibrətamiz bir yazışmada dərin bir məna yatdığını oxuyanda böyük zəvq almışdım. Həmin yazışmadan dərs almışdım; həddini bilmək dərsini!

İsrailin ilk baş naziri olan David Ben Quryon da ateist idi. Yeri düşmüşkən qeyd edim ki, Quryon İstanbulda hüquq təhsili almışdı. O İsrailin ilk baş naziri işləyən zaman rəsmi olaraq 1952-ci ildə tanınmış alim Albert Eynşteynə məktub yazaraq onu İsrailin ali vəzifəsi hesab olunan ölkə rəhbəri postuna dəvət etmişdi. Eynşteynə xitabən bunları yazmışdı:

“Siz İsrailin baş naziri olmağa razı olsanız, o zaman qanunverici orqanı tərəfindən təsdiq olunarsınız. Siz İsrail dövlətinin rəhbəri olmaq istərdinizmi? Əgər bu təklifi qəbul etsəniz, İsraillə köçməli olacaqsınız və bu ölkənin vətəndaşlığını qəbul edəcəksiniz. Eyni zamanda İsrailin hazırkı baş naziri olaraq sizə zəmanət verirəm; araşdırma və elmi kəşfləriniz üçün sizə maddi tərəfdən dövlət əli ilə köməklik olunacaqdır.

Eynşteyn isə başa nazirə cavabında bunları yazmışdır: “İsrail dövlətimizin mənə etdiyi bu təklifdən şərəf duydum. Eyni zamanda müsbət cavab verə bilməyəcəyim üçün utanıram və təəsüf hissi keçirirəm. Həyatım boyunca daha çox elmi-yaradıcı işlərlə məşğul oldum, insanlarla məşğul olmaq kimi bir qayğım və təcrübəm olmadı. Buna görə İsrailin ən yüksək vəzifəsində çalışmağa uyğun biri deyiləm. Əgər gənc olsaydım belə, yenə də bunu edə biləcəyimi zənn etmirəm. Bu qərarı verdiyim üçün çox çətinlik çəkirəm. Çünki İsrail xalqına çox güclü bağlarla bağlıyam”.

Bir ölkənin rəhbəri ilə alimi arasında sağlam və səmimi münasibətlərin ruhuna heyran olmamaq mümkün deyil. Rəhbərin mütəvazi, biliyə dəyər verməsi və alimin ayağına getmək mədəniyyəti insan da rəğbət oyadır. Bir alimin isə özünün nəyə layiq və nəyə qadir olmasına çox sadəliklə etiraf etməsindən gözəl nə ola bilər.

Belə uca zirvələrdən vəzifə və alimlik necə kiçik görünür?

Çünki, İnsanlıq daha ucada görünür!