Sergey Lavrov: “Ermənistanla Dağlıq Qarabağ arasında olan bağı heç vaxt rədd etmədik”

Rusiya Xarici İşlər naziri Sergey Lavrov mətbuat konfransı keçirib. O, jurnalistllərin suallarını cavablandırıb, Qarabağ və Türkiyə mövzusuna da toxunub.

9 noyabr üçtərəfli bəyənatından irəli gələn tədbirlərin görülməsindən danışan Lavrov deyib ki, Rusiya sülhməramlıları bölgədə olduqca aktiv və effektiv fəaliyyət göstərirlər, bu həm də Əliyevin və Paşinyanın dəyərləndirməsidir.

Dağlıq Qarabağın statusu məsələsinə də toxunan Lavrov bildirib ki, indi statusdan danışmaq üçün uyğun bir vaxt deyil, biz bunu gələcəyə buraxmışıq.

Lavrov deyib ki, 9 noyabr bəyanatında bilərəkdən və ağıllı şəkildə Qarabağın statusu ilə bağlı heç nə yazılmayıb, çünki bunun üçün uyğun zaman deyil.

Ermənistanla Dağlıq Qarabağ arasında olan bağı heç vaxt rədd etmədik

“Ermənistanla Dağlıq Qarabağın bir-birindən ayrılması on illərdir davam edən danışıqlar zamanı heç vaxt ön plana çıxmayıb. Bu səbəbdəndir ki, Laçın dəhlizinə heç kim qarşı çıxmadı. Hələ də azərbaycanlı qonşularımız da daxil olmaqla bütün tərəflərin razılıq içində olduğu mövzudur”, – deyə Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib.

9 noyabr bəyanatı haqda danışan nazir onu da əlavə edib ki, bu bəyanatın gizli tərəfi və və ya bilinməyən maddələri yoxdur.

Çavuşoğlu yaxın zamanlarda Moskvaya səfər edəcək

Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlunun yaxın zamanlarda Rusiyaya səfər edəcəyini bildirib. Bir sıra ölkələrin nümayəndə heyətinin, o cümlədən də Türkiyə Xarici İşlər nazirinin Moskvaya səfər edəcəyini açıqlayan Lavrov, bununla bağlı əlavə məlumat verməyib.