Türkiyə ilə Azərbaycan arasında “Güzəştli ticarət sazişi” təsdiqlənib

Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında İmtiyazlı Ticarət Sazişinin təsdiq edilməsi barədə qərar qəbul edilib. 

25 fevral 2020-ci ildə Azərbaycanın paytaxtı Bakıda imzalanan müqavilə tərəflər arasında müqaviləyə daxil olan bəzi məhsullar üçün mövcud gömrük rüsumlarının azaldılması və ya aradan qaldırılması, qeyri-tarif və tarif kimi baryerlərin aradan qaldırılması, iqtisadi əlaqələrin harmonik inkişafı yolu ilə ticarəti gücləndirmək və buna təşviq etmək, ticarətin davamlı böyüməsi üçün daha proqnozlaşdırıla bilən və təhlükəsiz bir mühit yaratmaq, eyni zamanda, əlverişli ədalətli rəqabət şərtləri yaratmaq məqsədi daşıyır.

Ticarət əlaqələrini gücləndirməyi hədəfləyən sazişin həyata keçirilməsi ilə əldə ediləcək müsbət nəticələri müşahidə etmək üçün razılaşmada iştirak edən nümayəndələrdən ibarət birgə komitə də yaradılıb.

2020-ci ildə Türkiyə və Azərbaycanın ticarət dövriyyəsi 4 milyard 160 milyon 825 min ABŞ dollar təşkil edib.

Ticarət dövriyyəsinin dəyəri əvvəlki ilin göstəricilərinə nisbətən 8%-e qeder azalıb.

Belə ki, 2019-cu ildə Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi  4 milyard 509 milyon 496 min ABŞ dolları təşkil edirdi.

Hesabat dövründə Azərbaycandan Türkiyəyə 2 milyard 597 milyon 777 min dollar dəyərindən məhsul ixrac edilib. 2019-cu ilin göstəricilərinə nəzərən ixrac həcminin dəyəri 9.3% azalıb.

Eləcə də, Türkiyədən Azərbaycana 1 milyard 563 milyon 48 min ABŞ dollar dəyərində məhsul idxal edilib. İdxal həcminin dəyəri əvvəlki ilə nisbətən 5.1% azalıb.

2020-ci ildə Azərbaycanla ümumi ticarət dövriyyəsində Türkiyənin payı 17% təşkil edib.