Əli Xamenei: Cizgi film və animasiyalarda da qadın obrazlar hicab taxmalıdır

İranın ali dini lideri Alətullah Əli Xamenei cizgi film və animasiyalardakı qadın obrazlarının da hicablı olmalı olduğunu deyib. Xamenei bu barədə Telegram kanalı vasitəsilə ona yönləndirilən sualı cavablandıran zaman danışıb.

İranın 81 yaşlı dini lideri bildirib ki: “Belə xəyali bir sənət işində hicab taxmaq elə də gərəkli olmasa da, hicab taxmamağın yaradacağı nəticələri nəzərə alanda hicab adətinin animasiyalarda da tətbiq olunmasını lazımlı sayıram”.

Xatırladaq ki, Xamenei indiyədək qadınlarla bağlı çoxlu qəribə fətvaları ilə də yadda qalmışdı. Belə ki, o 2016-cı ildə verdiyi bir fətvasında İrandakı qadınların ictimai yerlərdə velosipedə minməsini qadağan etmişdi və bu İran qadınları tərəfindən geniş etirazlara səbəb olmuşdu.

Digər yandan Xameneinin 2019-cu ildə verdiyi fətvası ilə 1979-cu ildən bəri ölkədə qadınların stadionda futbol oyunlarına baxması qadağası da ləğv olunmuşdu.