Bu il Azərbaycanda işsizlik keçən illə müqaisədə sürətlə artır

Bu il fevralın 1-nə olan məlumata görə, Azərbaycan iqtisadiyyatında işləyənlərin ümumi sayı 4 milyon 877,3 min nəfərdir ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 1,3% və ya 60 min nəfər azdır. Bununla birlikdə, bu dövrdə iqtisadi cəhətdən fəal əhali sıralarının 64,5 min nəfər artması nəzərə alınarsa, ölkədə işsizlik daha sürətlə artıb.

Bu haqda Dövlət Statistika Komitəsinin yaydığı açıqlamada qeyd olunub. Komitənin məlumatına görə, bu ayın əvvəlində ölkədə 376,1 min işsiz olub ki, bu da 2020-ci ilin yanvar ayının sonuna nisbətən 124,5 min və ya 49,4% çoxdur. Beləliklə, Azərbaycanda rəsmi işsizlik nisbəti 7,2% təşkil edir ki, bu da keçən ilə nisbətən 2,3% çoxdur.

2021-ci il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən ötən illə müqayisədə 45,2 min nəfər və ya 2,7 faiz artaraq 1691,8 min nəfər olmuş, onlardan 910,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 781,0 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

Muzdla işləyənlərin 19,6 faizi təhsil, 18,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9 faizi sənaye, 8,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,8 faizi tikinti, 6,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 13,0 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.