Lavrov Türkiyənin ‘Böyük Turan’ qurmaq fikrində olmadığını deyir

Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, Türkiyə dövlətlərarası ‘Böyük Turan’ birliyi qurmaq istəmir, keçmiş Sovet ölkələri də bu ideyanı dəstəkləmir.

Lavrov bu fikirləri jurnalistin “Azərbaycan kimi ölkələrin ‘Böyük Turan’ birliyi ideyasına dəstək verməsi və Türkiyənin güclənməsi Rusiyanı qorxudur?” sualına cavab olaraq səsləndirib.

“Türkiyənin belə niyyət güddüyünü düşünmürəm. Bununla yanaşı, keçmiş Sovet ölkələrinin bu ideyaya necə və hansı şəkildə dəstək verəcəyini də bilmirəm. Açığı mən düşünürəm ki, keçmiş Sovet ölkələrinin xarici siyasətlərinin əsas ağırlığı ölkələrini gücləndirməyə yönəlib”, – deyə o, vurğulayıb.

Nazir deyib ki, Türkiyənin şəxsi maraqları var, ancaq o düşünür ki, Türkiyənin bu dövlətlərlə yaxınlığı mədəni bağlarla əlaqəlidir.

“Adətən Türkiyənin Azərbaycanla və bəzi keçmiş Sovet ölkələri ilə hansısa təşkilatda birləşməsi mədəni və keçmiş bağlardan irəli gəlir. Dövlətlərarası Mədəniyyət Təşkilatı “TÜRKSOY” var, Türkdilli Ölkələrin Parlament Assambleyası “TÜRKPA” var. Bu birliklər uzun zamandır var və adətən mədəniyyətlə, dillə bağlı mədəni tədbirlər təşkil edirlər”, – deyə Sergey Lavrov bildirib.