Naxçıvan əhalisinin sayı açıqlanıb

Naxçıvan Muxtar Respublikası əhalisinin sayı 2 000 nəfərə yaxın artıb.

Bu barədə muxtar respublikanın Dövlət Statistika Komitəsi xəbər verir.

Cari il yanvarın 1-ə Naxçıvan Muxtar Respublikası əhalisinin sayı bir il öncəyə nisbətdə 1 905 nəfər artıb. Qeyd edilir ki, hazırda Naxçıvan əhalisinin sayı 461 min 530 nəfərdir.

Buna qədər olan statistika…

2020-cu ilin 1 noyabrınadək Naxçıvan Muxtar Respublika əhalisinin sayı 455 min 592 nəfər olub.

Birinci və ikinci siyahıyaalma dövrlərində əhalinin sayı 44 min nəfər artdığı halda, son 9 ilə yaxın – yəni 2010-cu ildən cari ilin noyabr ayının əvvəlinə olan dövrdə əhalinin sayı 53 min nəfər artıb.

Naxçıvan Muxtar Respublikasında 1999-cu ildə keçirilmiş siyahıyaalmada əhalinin sayı 354 min 72 nəfər, 2009-cu ildə isə bu göstərici 398 min 323 nəfər olub. 2009-cu ildə keçirilmiş siyahıyaalmada əhalinin 198 min 267 nəfərini və ya 49,8 faizini kişilər, 200 min 56 nəfərini və ya 50,2 faizini qadınlar təşkil edib. Əhalinin 115 min 488 nəfəri və ya 29 faizi şəhər yerlərində, 282 min 835 nəfəri və ya 71 faizi kənd yerlərində məskunlaşıb.

Qeyd edək ki, 1 iyul 2018-ci il tarixə muxtar respublikanın əhalisi 454,3 min nəfər olub.