SOCAR-ın Maltadakı fəaliyyətini araşdıran jurnalistin qətli ilə əlaqədar bir nəfər həbs olunub

Jurnalist Daphne Caruana Galizia.

Malta məhkəməsi jurnalist Dafna Karuana Qaliziyanın sui-qəsdinə görə ittiham olunan üç nəfərdən biri Vinsent Muskatı 15 il müddətinə azadlıqdan məhrum edib. Bu haqda “Maltatoday” qəzeti məlumat yayıb.

Məhkəmədə Vinsent Muskat özü günahını etiraf edib və istintaqla əməkdaşlıq edib.

Dafna Karuana Qaliziya 1990-lardan bəri Maltada məşhur jurnalistlərdən biri olub. O Maltada siyasətçilərin korrupsiya əməlləri və çirkli pulların yuyulması işləri ilə bağlı geniş araşdırmaları ilə tanınıb. 2016-cı ilin fevral ayından aprel ayına qədər Malta qəzetlərində Dafna Karuana Qaliziyanın o vaxtkı Malta höküməti və baş nazir Cozef Muskat, onun ofşorlarda olan ailə biznesləri haqda bir neçə araşdırması çıxıb. Jurnlist araşdırmalarında Panamada olan Mossack Fonseca adlı hüquq şirkətinin yayılmış sənədlərinə əsaslanıb. Bu sənədlərdə 50-dən çox ölkənin dövlət məmurlarının və siyasətçilərinin ofşor zonaya daşıdığı pullar haqda məlumatlar toplanmışdı.

Dafna Karuana Qaliziya 2017-ci ilin 16 oktyabrında 53 yaşında avtomobilində quraşdırılmış uzaqdan idarə olunan bomba ilə partladılaraq öldürülüb. Cinayətin istintaqı ölkədə geniş səs-küy doğurub və nəticədə ölkənin baş naziri Cozef Muskat istefa verməyə məcbur olub.

Jurnalistin araşdırmalarında Azərbaycanın dövlət neft şirkəti SOCAR-ın da adı çəkilib. Bəzi materiallar Azərbaycanın dövlət neft şirkəti SOCAR-la dəyəri 1 milyard dollardan artıq olan bir razılaşma barədədir. Bu kontraktla Malta növbəti 10 il ərzində elektrik stansiyalarına lazım olan bütün qazın idxalına razılaşır.

Saziş SOCAR-la 2015-ci ildə imzalanıb. Araşdırma Maltanın elə o vaxt da qaza görə Yunanıstan, İtaliya və Türkiyə ilə danışılandan daha çox ödədiyini üzə çıxarıb. “Guardian”ın hesablamasına görə, həmin qaz SOCAR-a Maltaya satdığından 40 milyon dollar az məbləğə başa gəlib.