Rövşən Əkbərov: “Bu böhtandır, mən Elçin Əliyevi öldürməmişəm”

“Bu böhtandır, mən bu qətli törətməmişəm. Mən Elçin Əliyevi öldürməmişəm

Bu sözləri hazırda qəsdən adam öldürmə və xuliqanlıq ittihamları ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilən, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərov 5 yanvar 2002-ci ildə Ukraynanın istintaq orqanlarına verdiyi izahatında deyib.

Qətlin 21 illik tarixçəsində Əkbərovun ittiham olunduğu müəmmalı cinayət hadisəsi ilə bağlı ilk və sonuncu sözləri də bunlar olub. General-leytenant Əkbərovu Bakı və Şəmkir korpuslarının komandiriliyindən Bakı İstintaq Təcridxanasına aparan cinayət 20 il əvvəl Ukraynanın paytaxtı Kiyevdə törədilib. Rəsmi ittihamlara görə, Azərbaycanın Milli Qəhrəmanı Ukraynanın paytaxtında iş adamı Elçin Əliyevi şəxsi münasibətlər zəminində qətlə yetirib.
Bir müddət zərərçəkmiş tərəfə vəkillik edən, sonradan isə Azərbaycanın Vəkillər Kollegiyasından kənarlaşdırıldığı üçün fəaliyyətini davam etdirə bilməyən Yalçın İmanov AZADFM-ə deyir ki, Rövşən Əkbərov Ukrayna dövlətinin qətl hadisəsi ilə bağlı açdığı cinayət işi çərçivəsində 5 yanvar 2002-ci ildə dindirilib. O, istintaqa bildirib ki, deyilənlər böhtandır, Elçin Əliyevi öldürməyib. 26 fevral 2003-cü ildə Ukraynanın Şefçenko Rayon Prokurorluğu Rövşən Əkbərovun Elçin Əliyevi qətlə yetirməsi ilə bağlı cinayət işi açıb. Qətli törətməkdə ittiham olunan Rövşən Əkbərov Azərbaycan vətəndaşı olduğu üçün cinayət işi açılandan bir gün sonra, yəni 27 fevral 2003-cü ildə baxılması üçün Azərbaycana göndərilib. Azərbaycanın Hərbi Prokurorluğu isə 8 aprel 2003-cü ildə faktla bağlı cinayət işi açıb. 2003-cü il 8 apreldən, yəni cinayət işi açılandan sonra Əkbərov heç vaxt dindirilməyib.

Müstəntiq dəhşət içində mənə sual verdi ki, sizin ölkədə nə baş verir?”

Hadisədən bir müddət sonra “Exo” qəzetində qətillə bağlı məqalə yazan jurnalist Xədicə İsmayıl deyir ki, o, Ukraynada bu işi aparan müstəntiqlə də danışa bilib: “Müstəntiq müsahibədə məndən dəhşət içində soruşmuşdu ki, sizin ölkədə nə baş verir? Azərbaycan hökuməti iş araşdırılmasın deyə müstəntiqə çox böyük təzyiqlər edirdi, ancaq müstəntiq araşdırmanı sonuna kimi aparıb, materialları da Azərbaycana verdi”, – deyə İsmayılova AZADFM-ə bildirib.

“Avropa Məhkəməsi Elçin Əliyevin yaşamaq hüququnun pozuntusunu tanımışdı

Yalçın İmanov deyir ki, ondan əvvəl zərərçəkmiş tərəfin hüquqi varislərinə vəkillik edən mərhum vəkil Elton Quliyev bu işi ölkədaxili bütün instansiyalarda mübahisələndirdikdən sonra baxılması üçün Avropa İnsan Haqları Məhkəməsinə göndərib. 31 iyul 2014-cü ildə Avropa Məhkəməsi “Əliyev və Əliyeva Azərbaycana qarşı” işi üzrə qərarını elan edib.

Məhkəmə Elçin Əliyevin yaşamaq hüququnun pozuntusunu tanıyıb. İmanov deyir ki, Avropa İnsan Haqları Məhkəməsi qərarda qeyd edib ki, cinayəti törətməkdə ittiham olunan Rövşən Əkbərov Azərbaycanın ordu sıralarında yüksək vəzifə tutduğu üçün heç vaxt bu iş üzrə istintaq çərçivəsində dindirilməyib.

“Sonradan mən işə qoşuldum. Əsas onun üzərinə getdik ki, Əkbərov təqsirləndirilən şəxs qismində olmasa belə, şahid qismində işə cəlb olunsun və dindirilsin. Ancaq bu olmadı. Bircə ona nail olduq ki, Nəsimi Rayon Məhkəməsi cinayət işinin icraatının dayandırılması ilə bağlı qərarı ləğv etdi”, – deyə zərərçəkmiş tərəfə vəkillik edən Yalçın İmanov bildirib.

“Rövşən Əkbərov ən gənc general kimi Azərbaycan tarixinə keçib

Əkbərov 1994-cü ilin oktyabr ayında Gəncə qiyamının yatırılmasında müstəsna fəaliyyət göstərib. Azərbaycan Respublikasının o vaxtkı prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı fərmanı ilə Əkbərov Rövşən Telman oğlu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb, yəni qiyamçıların geri çəkilməsindən bir gün sonra.
Rövşən Əkbərov bundan sonra 1995-ci ildə mart hadisələri zamanı da öz ordu birlikləri ilə silahlı qiyamın qarşısının alınmasında aktiv iştirak edib və qiyamı yatırdıb. Bundan sonra isə prezidentin sərəncamı ilə “Azərbaycan bayrağı” ordeni ilə təltif olunub.

Sözün əsil mənasında Əliyevlər ailəsi üçün qanını qaşıq üstə qoyub meydanlarda döyüşən Əkbərov ailənin böyük etimadını qazanmışdı. Həmin dövrlərdə xarici mediada gedən yazılara nəzər saldıqda görərik ki, sonradan Əkbərovun Azərbaycanın Müdafiə naziri vəzifəsinə gətiriləcəyinə də dair xəbərlər yayılıb. Əkbərov artıq ən gənc general kimi Azərbaycan tarixinə keçmişdi.

“Keçmiş xidmətləri onu həbsdən qoruyurdu

2001-ci ildə baş verən qətl hadisəsi onun Müdafiə naziri olmaq kimi xəyallarının üstündən xətt çəksə də, ümumilikdə hərbi kariyerasının üstündən xətt çəkməmişdi. Daha dəqiq desək, Azərbaycan hökuməti onun keçmiş xidmətlərini nəzərə alaraq ordu sıralarında yüksəlməsinə göz yumurdu.

Ancaq deyilənlər göstərir ki, hökumət nəyinki Əkbərovun yüksəlməsinə göz yumub, hətta onun istintaqa təsir etməsinə, bu işin hansısa formada açılmasına mane olmasına da icazə verib.
Jurnalist Xədicə İsmayıl deyir ki, onun yazısı Exo qəzetində dərc olunduqdan sonra Müdafiə Nazirliyindən 2 nəfər hərbi formalı şəxs qəzetin baş redaktoru Rauf Talışinskinin yanına gəlib və ondan tələb edib ki, qəzet təkzib versin. Ancaq Talışinski bundan imtina edib, əvəzində isə Əkbərovun bu işlə əlaqədar müsahibə verməsini təklif edib. Gələn şəsxlər isə bu təklifi qəbul etmədən gediblər: “Hətta xeyli ictimai şəxslər də o vaxt Talışinskiyə zəng edirdilər. Zənglərin isə məğzi bundan ibarət idi ki, Rövşən Əkbərov çox nadir yüksək hərbi təhsili olan adamlardandır və onun qədrini bilmək lazımdır”, – deyə İsmayılova bildirib.

Rövşən Əkbərovun həbsi siyasidir

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev deyir ki, bu iş siyasidir. Onun sözlərinə görə, 20 ildir hər kəs bu haqda bilirdi, anası bu məsələni dəfələrlə qaldırıb, bu işlə bağlı həm Ukraynada, həm Azərbaycanda istintaqlar aparılıb: “Necə oldu ki, birdən-birə yeni faktlar çıxdı üzə?”, – deyə o, sual edib.

Mehman Əliyevin fikrincə, həbs olunan kimi cəmiyyətə məlumat verilməli idi ki, bu adam nə edib. Əliyev deyir ki, adam həbs olunur və 3 gün sonra ittiham sürürlər ki, bəs cinayət törədibmiş.
“Hətta Baş Prokurorluğun yaydığı məlumat da dəqiq deyil. Orada qeyd olunub ki, şübhəli şəxsdir. Şübhəlidirsə, niyə həbs edirsiniz? Azərbaycanın Milli Qəhrəmanıdır, general-leytenantdır. Məsələn ev dustağı da ola bilərdi, niyə həbs olunmalıdır dörd ay? Bu iş yüz faiz siyasidir, mən belə görürəm deyə  “Turan” Agentliyinin direktoru bildirib.

Jurnalist Xədicə İsmayıl da həbsin siyasi olmasını istisna etmir.

Xədicə İsmayıl deyir ki, uzun zamandır ki, Rövşən Əkbərovun Müdafiə Nazirliyində yüksək vəzifəli şəxslərlə, o cümlədən Nəcməddin Sadıqovla konfiliktdə olması ilə bağlı xəbərlər gəzir. Onun fikrincə, tərəflər bir-birlərinə mümkün qədər ziyan vurmağa çalışırlar. Yəqin ki, bu işin ortaya çıxması da o səylərin nəticəsidir: “Belə şeyləri dəqiq demək üçün gərək sübutlar olsun. Bizim əlimizdə olanlar isə ancaq ehtimallardır”, – deyə jurnalist Xədicə İsmayıl bildirib.

Mehman Əliyev isə deyir ki, Rövşən Əkbərovla Nəcməddin Sadıqovun münasibətləri yaxşı olub, onlar yaxın olublar. Əliyevin sözlərinə görə, Əkbərovun ancaq keçmiş Müdafiə naziri Səfər Əbiyevlə problemləri olub. Ona görə də Sadıqovla Əkbərovun bir-birlərini vurmasına dair fikirlər əsaslı deyil. Mehman Əliyev məsələnin arxasında başqa səbəblərin dayandığını deyib.

“Məsələn biz baxsaq, Tərtər hadisələri qurama bir işdir. Orduda böyük bir satqınlıq baş verib və satqınlar bu işi öz üzərlərindən atmaq üçün başqa bir qrupu hədəf göstəriblər. Bu işlər üzə çıxacaq, qaçılmazdır. Mən ona görə düşünürəm ki, baş verənlər hakimiyyətdaxili, ordudaxili problemlərdir və bu problemlər yavaş-yavaş həll olunmalıdır, belə davam edə bilməz”, – deyə “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bildirib.

Əvvəlki məqaləLe Figaro: “Paris Avropa Birliyinin tərk edə bilərmi?”
Növbəti məqalədəMehman Hüseynov: “Saxlanılmağımda səbəb qanunsuz dron uçurtmaq yox, məmur mülklərini ifşa etməyim idi”