Suriyada vəziyyət gərginləşir, İsrail də hava zərbələri endirib

Suriya hökuməti İsrailin Suriyanın paytaxtı Şama hava zərbələri endirdiyini açıqlayıb.

Ölkənin rəsmi xəbər agentliyi SANA-nın verdiyi məlumata görə, yerli vaxtla saat 22:16-da İsrail işğal etdiyi Colan təpələri istiqamətindən paytaxt Şama hava zərbələri endirib.

Xəbərdə ölü və yaralılarla bağlı məlumat verilməsə də raketlərin bəzilərinin zərərsizləşdirildiyi bildirilib: “Hava Hücumuna Qarşı müdafiə sistemlərimiz atılan raketlərin çoxunu zərərsizləşdirə bilib”, – deyə xəbərdə qeyd olunub.

Mövzu ilə bağlı İsrail heç bir açıqlama verməyib.

Bundan əvvəl isə Amerika Silahlı Qüvvələri İraqa hücumlarla bağlılığı olması səbəbindən Sruriyada İranın dəstəklədiyi qruplara aid bir hədəfi bombalayıb. Amerika mətbuatında yayılan xəbərlərə görə, hava hücumuna Amerika prezidenti Co Bayden razılıq verib.

ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi bildirib ki, prezident Baydenin təlimatı ilə Amerika Silahlı Qüvvələri Şərqi Suriyada İranın dəstəklədiyi qruplara aid bir qurğuya hava zərbələri endirib.

Bu hücumun son vaxtlar İraqa edilən hücumlara cavab olduğunu deyən Kibri əlavə edib ki, bu hücum xüsusilə Kətaib Hizbullah və Kətaib Seyid Şüheda daxil olmaqla İranın dəstəklədiyi qrupların sərhəd-nəzarət nöqtəsində olan bir çox təsisatını məhv edib.

Con Kirbi deyib ki, hücum İŞİD-ə qarşı koalisiyada iştirak edən ölkələrlə razılaşdırıldıqdan sonra və bölgədə vəziyyəti gərginləşdirməyəcək şəkildə təşkil olunub.

Bununla yanaşı, Rusiya Hərbi Hava Qüvvələri ötən sutka ərzində Suriyanın şərqində İŞİD terror təşkilatının mövqelərinə 12 dəfə hava zərbəsi endirdiyini açıqlayıb. Bu hava zərbələri nəticəsində İŞİD-in 4 ədəd maşını sıradan çıxarılıb və beş sığınacağı dağıdılıb.

Suriya və Rusiya mənbələri, İŞİD terror təşkilatının İordaniya-Suriya sərhədində yerləşən və ABŞ-ın nəzarətində olan ət-Tənif bölgəsindən gəldiyini bildirirlər.

Əvvəlki məqaləBu gün Qarabağ üzrə İşçi Qrupun növbəti iclası keçiriləcək
Növbəti məqalədəİranın vitse-prezidenti: “Qadınların və sünnilərin hüquqlarının pozulduğunu qəbul edirəm”