Amnesty İnternational: Pandemiya qeyri-bərabərlik səbəbindən ən yoxsul təbəqələri vurdu

Pandemiya bir çox hökumətlərin qeyri-bərabərliyə, diskriminasiya, hüquq və azadlıqların boğulmasına səbəb olan qərəzli siyasətinin dağıdıcı nəticələrini ortaya qoyub.

“Amnesty International 2020/21: müasir dünyada insan hüquqları” adlı məruzə 149 ölkənin vəziyyətindən bəhs edir və 2020-ci ildə insan hüquqları sahəsində qlobal tendensiyaları hərtərəfli təhlil edir.

Səhiyyə işçiləri, əmək miqrantları, iqtisadiyyatın kölgə sektorunda məşğul olan insanlar- çox vaxt pandemiya dövründə həyati əhəmiyyət kəsb edən insanlar – milli səhiyyə sistemlərinin acınacaqlı vəziyyətinin, qeyri- bərabər iqtisadi və sosial dəstəyin girovuna çevriliblər.

Bir çox ölkələrdə COVİD-19 pandemiyası qaçqın, sığınacaq istəyənlərin və miqrantların onsuz da ümidsiz vəziyyətini daha da ağırlaşdırıb: onların bir qismi həddindən artıq dolu olan düşərgələrdə qalıblar, bir çoxları mühüm əşyaları əldə etmək imkanından məhrum olublar, bir qismi isə sərhəd nəzarəti tədbirlərinin sərtləşdirilməsi nəticəsində taleyin ixtiyarına buraxılıb.

Pandemiyanın önündə olan insanlar – səhiyyə işçiləri və iqtisadiyyatın kölgə sektorunda çalışanlar – səhiyyənin planlı şəkildə tamamən maliyyələşdirilməməsinə və yetərsiz sosial müdafiə tədbirlərinə görə zərər çəkiblər.

Böyük sayda ölkələrin hakimiyyətləri fikrin ifadə edilməsi azadlığını məhdudlaşdırmaq üçün yeni tətbiq edilmiş normalardan sui-istifadə ediblər. Azərbaycan, Ermənistan, Belarus, Bosniya və Herseqovina, Macarıstan, Qazaxıstan, Polşa, Rusiya, Rumıniya, Serbiya, Tacikistan, Türkmənistan, Türkiyə, Özbəkistan və Fransa hökumətləri də məhz belə hərəkət ediblər.

Belə ki, Macarıstanda baş nazir Viktor Orban hökuməti ölkənin Cinayət Məcəlləsinə düzəlişlər edib və COVİD-19 haqqında “yalan informasiyanın yayılması”na görə  beş ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq edib.

Azərbaycanda isə prezident İlham Əliyevin pandemiya ilə əlaqədar müxalifətin “təcridinə” və ondan “təmizlənməyə” çağırışı hakimiyyəti tənqid edənlərin həbsinə gətirib çıxarıb.

Bir çox ölkələrin hökumətləri beynəlxalq arenada da xaos yaradır, iqtisadiyyat və səhiyyə sistemlərinin bərpası istiqamətində kollektiv səyləri ləngidiblər, beynəlxalq əməkdaşlığı əngəlləyiblər.

* Zəngin ölkələrin liderləri (o zaman ABŞ-ın prezidenti olmuş Donald Tramp kimi) beynəlxalq əməkdaşlıq qurmaq cəhdlərindən yan keçərək, mövcud vaksinlərin böyük hissəsini alaraq qalan ölkələrə bir şey saxlamayıblar. Bu zəngin ölkələr dünyada istehsal edilən  COVİD-19 vaksinlərinin həcminin artırılması məqsədilə öz bilik və texnologiyalarını bölüşmələri üçün əczaçılıq şirkətlərindən yararlanmayıblar.

* Si Szinpin hökuməti virusla bağlı vaxtında həyəcan təbili çalmaya cəhd edən Çin səhiyyə işçilərini və jurnalistləri  senzura və təqiblərə məruz qoyub və beləliklə, mühüm informasiyanın yayılmasına imkan verməyib.

* “Böyük iyirmilik” yoxsul ölkələrin borcları ödəməsinin dayandırılmasını təklif edib, lakin sonradan onların faizlə tam qaytarılmasını tələb edib.

“2020-ci ildə əsl liderlik keyfiyyətlərini heç də hakimiyyətə, üstünlüklərə və böyük gəlirlərə malik olanlar nümayiş etdirmədilər. Onları dəyişikliklər tələb edən adamlar nümayiş etdirdilər.

Bütün dünyada liderlik nümunələrini sıravi vətəndaşlar və hüquq müdafiəçiləri göstəriblər və çox zaman bunu öz təhlükəsizliklərini riskə ataraq ediblər. Onlar ən yaxşı, daha ədalətli və daha bərabərhüquqlu dünya uğrunda mübarizənin önündə duran insanlardır, – Anyes Kallamar bildirib.

MƏNBƏTuran
Əvvəlki məqaləƏləsgər Məmmədli: “Dövlət kommersiya qurumu deyil ki, ona həvəsləndirici mükaflatlar verilsin”
Növbəti məqalədəRusiya Azadlıq Radiosunu bir milyon dollar cərimələyib