Ermənistanda Paşinyanı parlament seçkilərinin mümkün qalibi hesab edirlər

İyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Yerli analitiklər müxalifətin milli satqınlıqda ittiham etdiyi baş nazir Nikol Paşinyanın partiyasının qalib gələcəyini təxmin edirlər.

Sabiq prezident Robert Koçaryanın rəhbərlik edəcəyi qüvvənin, habelə “Çiçəklənən Ermənistan” partiyasının parlamentə düşmək şansı var, bu barədə Sputnik-Armeniyaya siyasi texnoloq Armen Badalyan bildirib.

“İkinci prezidentin reytinqinin yüksəldiyi məqam olub, bu, onu hakim qüvvənin ən mümkün rəqibinə çevirirdi. Amma Koçaryan onu qoruyub saxlamaq üçün heç nə etməyib. İndi onun reytinqi əvvəlki səviyyədə qalıb və ya düşür”, deyə Badalyan bildirib.

Koçaryanın parlamentə “Daşnaksutyun” partiyasının namizədi kimi düşə biləcəyi ehtimalı var – ən azından belə bir təəssürat yaranır. Bu zaman səslərin hansı faizindən söhbət getdiyini demək çətindir. Çox güman ki, Qaqik Tsarukyanın başçılıq etdiyi “Çiçəklənən Ermənistan” da parlamentə düşəcək.

Respublika partiyasının seçkilərdə iştirakı məsələsinə aydınlıq gətirilməlidir. O, iştirak etməsə, onun kimi dəstəkləyəcəyinə diqqət yetirmək lazımdır. Həmçinin, “Qərbyönlü” qüvvələrin hansı formatda çıxış edəcəyi də vacibdir, deyə Badalyan bildirib.

Əlavə edək ki, Moskva Koçaryanı dəstəkləyir, bu, keçmiş prezidentin bu günlərdə Moskvada Tbilisdən qovulan Vladimir Poznerə verdiyi müsahibədən görünür.

Yerevanlı icmalçı Karina Karapetyan Paşinyanın gözlənilən qələbəsinin səbəbləri ilə bağlı mülahizə irəli sürür. “Sirr deyil ki, 30 ildən çoxdur Ermənistan cəmiyyəti Qarabağ münaqişəsindən, Türkiyə və Azərbaycanla sərhədlərin bağlı qalmasından, durğunluqdan və ciddi sosial-iqtisadi problemlərdən yorulub.

Hərbi qulluqçuların valideynləri oğullarını ən qısa zamanda Qarabağdan qaytarmaq istəyirlər, kommersantlar yolların açılmasını və ticarətdə yeni perspektivlər arzulayırlar, əhalinin müəyyən hissəsi sadəlövhcəsinə Dağlıq Qarabağın böyük hissəsini işğal edən düşmənin bununla kifayətlənəcəyini və bizim torpaqlarımıza qəsd etməyə son qoyacağını hesab edir. Ermənistan baş naziri Nikol Paşinyan bu əhval-ruhiyyələri məharətlə “qızışdırır””, deyə Karapetyan yazır.

“Qrapark” nəşrinin məlumatına görə, “Mənim addımım”dan parlament deputatlarının siyahısına Paşinyan özü başçılıq edəcək. Amma ilkin məlumatlara görə, 2-4 yer Ararat Mirzoyanyan, Sasun Mikaelyan və Lena Nazaryan arasında bölüşdürüləcək.

MƏNBƏTuran
Əvvəlki məqaləUkrayna Rusiya aqressiyasına qarşı NATO-ya üzv olmaq istəyir
Növbəti məqalədəABŞ müttəfiqləri ilə Pekin Olimpiya oyunlarını boykot etməyi müzakirə edir