İlham Əliyev: “Ermənistandan fərqli olaraq 5 milyard dolları heç kim hədiyyə eləməyib “

İlham Əliyev.

Bu gün Bakıda Hərbi Qənimətlər Parkının açılışı olub. Prezident İlham Əliyev parçın açılışında iştirak edib, prezidentə parkda nümayiş etdirilən hərbi texnikalar barədə məlumat verilib. Parkla tanışlıqdan sonra Prezident İlham Əliyev təltif olunan hərbi qulluqçularla görüşüb. Dövlətimizin başçısı görüşdə çıxış edib. O çıxışında deyib ki,

“İqtisadi müstəqillik əsas məsələlərdən biri idi. Ona da nail olduq. Enerji müstəqilliyinə nail olduq. Tarixi layihələri həyata keçirdik. 2006-2007-ci illərdə neft-qaz kəmərləri inşa edildi. Əgər, o kəmərlər tikilməsəydi, bizim bu qədər vəsaitimiz olmazdı. Vəsait yoxdursa, silah da olmayacaqdı”.

Prezident həmçinin Ermənistandan qənimət kimi götürülmüş silahların bu ölkəyə bağışlandığına işarə vuraraq deyib:

“Silahları bizə heç kim bağışlamayıb. Ermənistandan fərqli olaraq 5 milyard dolları heç kim hədiyyə eləməyib. Onların məhv edilmiş və qənimət götürülmüş silahlarının dəyəri 5 milyard dollardır. Biz pulla almışıq, iqtisadi müstəqillik olmasaydı, necə ala bilərdik? Müharibəni necə apara bilərdik? Torpaqlar erməninin tapdağı altında əbədi qala bilərdi. Ona görə iqtisadi müstəqillik əsas idi, bu sahədə də hazırlaşdıq. Ermənistanı dalana çevirməli idik. Bütün nəqliyyat, kommunikasiya, enerji xətlərini elə çəkdik ki, onlardan yan keçdi. Mən nə qədər təzyiqlə üzləşdim – yox, bu xətt Ermənistan üzərindən keçməlidir, dəmir yolu Ermənistan üzərindən keçməlidir. Bakı-Tbilisi-Qars inşa edilməməlidir, biz buna kredit verməyəcəyik. Dedim, vermirsən, cəhənnəmə vermə. Mən özüm Gürcüstana 725 milyon dollar kredit vermişəm. Nail olduq, bunu tikdik, Ermənistan dalana çevrildi. Bu, özlüyündə ona gətirib çıxardı ki, Ermənistandan kütləvi köç başlanmışdı. Köç olan kimi bazar daralır. Bazar daraldıqca, heç kim investisiya qoymaz. Adam gərək dəli olsun ki, Ermənistana investisiya qoysun, həm o illərdə, xüsusilə indi. Beləliklə, Ermənistanı iqtisadi cəhətdən çökdürmək əsas vəzifələrdən biri idi, mən bunu gizlətmirdim və buna nail olduq”, – Prezident bildirib.

Əvvəlki məqaləİran: “İsraildən bu hücumun qisasını alacağıq”
Növbəti məqalədəHüquq müdafiəçiləri: “Azərbaycanda həbsxanaların vəziyyəti acınacaqlıdır”