Rusiya Türkiyəyə “Bayraktar TB2”-yə görə xəbərdarlıq edib

“Rusiya Türkiyə və digər ölkələri Ukraynada militarist ab-havanı qızışdırmaqdan çəkinməyə çağırır”

Bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov jurnalistlərin Türkiyənin Ukraynaya Pilotsuz Uçuş Aparatı (PUA) satmasına dair suallarına cavab olaraq deyib. O, mətbuat konfransında jurnalistlərin  suallarını cavablandırarkən Türkiyəyə xəbərdarlıq edib.

Lavrov deyib ki, Kiyevdəki rejim ağılsız addımlar ata bilər ki, bunun da axırı pis qurtaracaq.

Ukrayna ordusunun ötən həftə Donbassda təmas xətti boyu ilk uçuşunu həyata keçirən “Bayraktar TB2” döyüş pilotsuz təyyarəsi separatçıların mövqelərində Rusiyanın “Pantsir-S1”, S-125 və “Tor” zenit-raket komplekslərini aşkar edib. Bu barədə Ukrayna parlamentinin müdafiə və kəşfiyyat məsələləri komitəsinin rəhbəri Yuri Mısyaqin özünün Twitter hesabında bildirib. Deputat Rusiyanı həmin texnikanı geri çıxarmağa və 9 may Qələbə paradında nümayiş etdirməyə çağırıb.

Həmin zenit-raket komppleksləri daha əvvəl Donbass separatçılarının “xalq milisi” qüvvələrinin silahlanmasında yer almırdı. Belə görünür ki, Ukraynanın Türkiyədən “Bayraktar TB2” döyüş pilotsuz təyyarələrini alması Rusiyanı həmin zenit-raket komplekslərini regiona yeritməyə vadar edib. Hansı ki, Qarabağda “Bayraktar”lar və Azərbaycan ordusunun digər pilotsuz döyüş vasitələri Ermənistan ordusunun silahlanmasında yer alan S-300, “Tor”, “Buk-M”, S-125, “Osa” kimi zenit-raket komplekslərini məhv etmişdi.

Əvvəlki məqalə“Bayraktar” indi də Ukrayna ordusunda ruslara qarşı istifadə ediləcək
Növbəti məqalədəMüəllim olmaq istəyənlər onlayn müsahibə verəcəklər