Tural Gəncəliyevin Xankəndində ofis açacağı bəyanatı erməniləri hiddətləndirib

Tural Gəncəliyev

Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, millət vəkili Tural Gəncəliyev dünən “Twitter” hesabında Xankəndində millət vəkili kimi özünə ofis açılacağını bəyan edib. O yazıb: “Hazırda şəhərdəki yeni ofis binası üçün mümkün yerləri nəzərdən keçiririk. Xankəndinin bütün sakinlərini təmsil edən millət vəkili kimi etnik mənşəyindən asılı olmayaraq hər kəsə yaxşı xidmət etmək üçün əlimdən gələni edəcəyəm!”, – deyə T.Gəncəliyev yazıb.

Tural Gəncəliyevin bəyanatına münasibət bildirən Qondarma Dağlıq Qarabağ Respublikasının prezidentinin mətbuat katibi Lusine Avanesyan isə deyib ki:

“Bu, Azərbaycan tərəfinin bir reallıq kimi təqdim olunan növbət xəstə arzusudur. Onlar bu cür ucuz informasiya spekulyasiyalarının köməyi ilə ictimaiyyəti azdırmağa və erməni cəmiyyətini qıcıqlandırmağa çalışırlar.  Onların nəinki Stepanakertdə bir ofisi ola bilməz, heç Stepanakertə ayaq basa da bilməzlər. Bunun əvəzinə, işğal olunmuş ərazilərimizin qaytarılması barədə düşünsünlər ki, münaqişənin həlli üçün real perspektivlər barədə danışaq”.

Erməni deputat, müxalif “Çiçəklənən Ermənistan Partiyasının” təmsilçisi Naira Zöhrabyan da facebook səhifəsində Tural Gəncəliyevin bəyanatına etirazını bildirib, o yazıb:

“Əliyev beynəlxalq investorları Zəngəzura çağıranda, Ərdoğan “Ermənilər sakit dursa onların işi yaxşı olar” deyəndə, Mehriban Əliyev erməni kilsələrinin üzərindəki yazıları silməyi əmr edəndə əlbəttə Tural Gəncəliyev də bizi Stepanakertdə (Xankəndində) ofis açacağı ilə hədələyəcəkdi. Xankəndinin küçələrinin birində “Tural Gəncəliyevin ofisi”ni görsəm təəccüblənmərəm”.

 

Əvvəlki məqaləRusiyanın sosial şəbəkələrə təzyiqi davam edir, indi də “TikTok” cərimələndi
Növbəti məqalədəErməni qadınlar Azərbaycandakı erməni əsirlərin qaytarılması tələbi ilə aksiya keçiriblər