ABŞ dövlət katibi Lavrova xəbərdarlıq etdi

“ABŞ dövlət katibi Entoni Blinken Rusiya xarici işlər naziri Sergey Lavrova deyib ki, prezident Co Baydenin administrasiyası Moskvanın Birləşmiş Ştatlarda və ya başqa yerlərdə hər hansı təcavüzünə cavab verməkdə tərəddüd etməyəcək”.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

Blinken Lavrovla mayın 12-də telefonla danışıb: “Dövlət katibi Blinken prezident Baydenin Rusiyanın bizə və müttəfiqlərimizə ziyan vurması müqabilində ABŞ vətəndaşlarının müdafiəsi və ABŞ maraqlarının qorunması üçün qətiyyətini bir daha nəzərə çatdırıb”.

 

 

 

 

 

 

 

 

 

Blinkenlə Lavrovun telefon söhbəti iki ölkə arasında bir sıra məsələlərə görə gərginliyin yaşandığı vaxta təsadüf edir.

ABŞ Rusiyanın Ukrayna sərhədi boyunca qoşun toplamasından, ABŞ seçkisinə müdaxiləsinə dair iddialardan və Rusiyaya bağlı kriminal şəbəkənin ABŞ-ın neft kəmərinə hücumundan ciddi narahatlıq ifadə edib.

Blinken və Lavrov bu həftə Reykyavikdə keçiriləcək Arktika sammiti əsnasında ilk dəfə olaraq görüşməlidirlər.

Xəbər verilir ki, onlar Rusiya XİN-in mayın 12-də verdiyi bəyanata əsasən, mayın 20-ə planlaşdırılmış görüşdə “qarşılıqlı münasibətlərin və beynəlxalq gündəliyin bir sıra əsas məsələlərini” müzakirə etməlidirlər.

Görüşün mayın 20-də keçiriləcəyini Dövlət Departamenti də təsdiqləyib.

Blinken və Lavrovun prezidentlər Bayden və Putin arasında mümkün görüşü müzakirə edib-etməyəcəkləri bilinmir.

Bayden Putinlə üçüncü bir ölkədə görüşə biləcəyini bildirmişdi. Lakin Putin onun bu bəyanatına hələ ki, cavab verməyib.

Reykyavikdə keçiriləcək görüşlə İslandiyanın Arktika əməkdaşlıq forumunda iki illik sədrliyi başa çatacaq.

Rusiya və ABŞ-la yanaşı Danimarka, Finlandiya, İslandiya, Kanada, Norveç və İsveç də Arktika şurasının üzvüdürlər.

MƏNBƏAzadlıq Radiosu
Əvvəlki məqaləAzərbaycan və Ermənistanın qarşılıqlı şikayətlərinə baxılacaq
Növbəti məqalədəMehmet Ağar: “Gülənin qəbuluna Mənsimovla birlikdə getdik, dövlətin xəbəri var idi”