Ermənistanla sərhəddə son vəziyyət: Azərbaycan XİN açıqlama yaydı

“10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanata əsasən işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonlarının Ermənistan ilə həmsərhəd bölgələrində çətin dağ relyefi quruluşuna və iqlim şəraitinə malik olan məntəqələrdə hava şəraitinin yaxşılaşması ilə Azərbaycan sərhəd qüvvələri ölkəmizə aid mövqelərdə yerləşdirilir. Bu proses adi rejimdə və sistematik qaydada icra edilir”.

Azərbaycan XİN Ermənistanla sərhəddə vəziyyətlə bağlı açıqlama yayıb.

Açıqlamada bildirilir ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirləri Ermənistan və Azərbaycan arasında sərhəd xəttini müəyyən edən və tərəflərdə olan xəritələr əsasında aparılır. Müstəqilliyini bərpa etdiyi vaxtdan etibarən iki dövlət arasında məlum səbəblərdən dövlət sərhədi olmayıb və bu səbəbdən hazırda tərəflərin fikir ayrılığı ilə müşayiət olunan qəliz texniki prosesdən söz gedir.

Bu proseslə bağlı Ermənistan tərəfinin qeyri-adekvat reaksiya verərək, təxribat xarakterli bəyanatlarla çıxış etməsi təəccüb doğurur. Hesab edirik ki, bu məsələnin Ermənistandakı seçkiqabağı vəziyyətlə bağlı rəsmi dairələr tərəfindən siyasi məqsədlər üçün istifadə olunması cəhdləri yolverilməzdir.

12 may tarixindən etibarən AR Dövlət Sərhəd Xidmətinin rəhbərliyi əraziyə ezam olunub, qarşı tərəfin sərhədçiləri ilə danışıqlar aparılır və vəziyyətin normallaşması istiqamətində müvafiq addımlar atılır.

Ermənistanın siyasi-hərbi dairələrinə təşvişə düşməməyi, Azərbaycanın Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonları boyunca dövlətlərarası sərhəd rejimi reallığını qəbul etməyi və əsassız olaraq bölgədə vəziyyəti gərginləşdirməməyi tövsiyə edirik. Bu kimi hallar hər iki tərəfdən hərbçilər arasında qarşılıqlı təmaslar vasitəsilə müzakirə olunaraq, həll oluna bilər və olunmalıdır.

Azərbaycan öz tərəfindən, qeyd olunan bölgədə gərginliyin aradan qaldırılmasına sadiqdir və bu istiqamətində müvafiq addımların atılmasına çağırır.

Bu arada, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi ölkələrindən Azərbaycanın hərəkətləri ilə əlaqədar təhlükənin aradan qaldırılması üçün tədbirlər görülməsini xahiş edir. Belə qərar Ermənistan Təhlükəsizlik Şurasının 13 may tarixli iclasında qəbul edilib.

Erməni tərəfinin verdiyi məlumata görə, Azərbaycan ordusunun 240 hərbçisi Sünik və Geğarkunik bölgələrində Ermənistan ərazisində qalmağa davam edir.

“KTMT Ermənistanın Sünik bölgəsinin sərhəd bölgələrində vəziyyətin inkişafını yaxından izləyir. Zərurət yarandıqda Kollektiv Təhlükəsizlik Müqaviləsinin  Nizamnaməsinin müddəaları çərçivəsində tədbirlər görüləcək ”- deyə KTMT-nin mətbuat xidmətindən bildirilib.

İrəvanın Moskvaya müraciətindən sonra Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng edib.

“Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Ara Ayvazyan arasında telefon danışığı zamanı olduğu kimi, Rusiya tərəfi indi də Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətin kəskinləşməsi ilə əlaqədar olaraq, atəşkəs rejiminə ciddi riayət olunmasının zəruriliyini təsdiqlədi.

Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının digər müddəalarının ciddi şəkildə yerinə yetirilməsi vurğulandı” – deyə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Məsələyə ABŞ Dövlət Departamenti də münasibət bildirib. Qurumun mətbuat xidmətinin rəhbəri Ned Prays özünün “Twitter” səhifəsində yazıb ki, ABŞ səlahiyyətliləri Bakı və İrəvanı Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi azaltmağa çağırır. “Biz Ermənistan-Azərbaycan sərhədinin təyin olunmamış hissəsində artan gərginliklə bağlı xəbərləri diqqətlə izləyirik. Tərəflər arasında ünsiyyətin davam etdiyini başa düşürük və vəziyyəti gərginləşdirməmək üçün təmkinli olmağa çağırırıq”, Prays qeyd edib.

Fransa prezidenti Emmanuel Makron isə rəsmi Facebook səhifəsində paylaşım edərək Ermənistana dəstək verib. O yazıb: “Azərbaycan silahlı qüvvələri Ermənistan ərazisini işğal edib. Onlar dərhal geri çəkilməlidirlər. Bir daha erməni xalqına deyirəm ki, Fransa sizinlədir və belə də qalacaq”.

 

 

 

 

 

 

Beləliklə, gərginlik ikinci gündür səngimir. İrəvan iddia edir ki, mayın 12-nə keçən gecə 200-ə yaxın Azərbaycan hərbiçisi Ermənistanın Sünik vilayəti istiqamətində mövqelərini irəli çəkiblər. Bu barədə Ermənistan kütləvi informasiya vasitələri Qoris hakimiyyətinə istinadla məlumat yayıb.

Əvvəlki məqaləPrezidentin dəhşətli nitqi – Leonid Qozman
Növbəti məqalədəAzərbaycanın daha 30 müəssisəsinə Rusiyaya pomidor ixracına icazə verilib