Fuad Rəsulzadə: “Cinayəti törədənlərin azadlıqda qalması çox pis presedent yaradacaq”

“Mən barışıq tərəfdarı deyiləm, çünki cinayəti törədənlərin azadlıqda qalması çox pis presedent yaradacaq” 

Bu sözləri Abzas.net-in suallarını cavablandıran Fuad Rəsulzadə deyib. Sosial şəbəkələrdə ikinci Qarabağ müharibəsində şəhid olmuş Xudayar Yusifzadə ilə bağlı ironik paylaşım etdiyinə görə küçədə bir neçə şəxs tərəfindən döyülən sosial media fəalı deyir ki, onu döyənlərin kimliyini xatırlamır.

Daxili İşlər Nazirliyi hadisə ilə bağlı açıqlama verərək bildirmişdi ki, yayılan videogörüntü ilə bağlı müvafiq araşdırma aparılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törədənlərin şəhid Xudayar Yusifzadənin qardaşı, dayısı və xalası oğlu olduğu müəyyən edilib. DİN əlavə etmişdi ki, istintaq prosesində tərəflər barışmaq niyyətində olduqlarını da bildiriblər. Barışıq barədə rəsmi müraciət edərlərsə, prossesual qanunvericiliyə uyğun olaraq nəzərə alınacaqdır.

Fuad Rəsulzadə isə deyir ki, onu döyənlər 3 nəfərdən çox olublar və cinayətkarların cəzalandırılmasını istəyir.

“3 maşın adam idi, çox idilər. Məni döyəndə sifətimə yumruq, təpik vururdular deyə görə bilmədim kimlərdir. Mən barışıq tərəfdarı deyiləm, çünki cinayəti törədənlərin azadlıqda qalması çox pis presedent yaradacaq. Barışıqla da bağlı mənimlə heç kim danışmayıb, nə polis, nə də qarşı tərəf. Amma hətta barışıq olsa belə, ortada döyülmə faktı var və ona uyğun hüquqi addımlar atılmalıdır”, – deyə sosial media fəalı bildirib.

Fuad Rəsulzadə onun döyən şəxslərin Xudayar Yusifzadənin yaxın qohumları olmasına dair rəsmi məlumatla bağlı və şəhidin ailə üzvlərinin açıqlamaları ilə bağlı deyib ki, onu döyən şəxslərin məsuliyyətdən yayınmaq üçün şəhidin ailəsinə sığındıqları qənaətindədir.

“Mən düşünürəm ki, məni döyən şəxslər ailəyə sığınıblar ki, məsuliyyətdən yayınsınlar. Təbii ki, bu fakt deyil, sadəcə mən belə düşünürəm. Ailə üzvlərinin açıqlamaları ilə bağlı isə heç nə düşünmürəm. Normal qəbul edirəm, başa düşürəm onları. Hansı ki, mənim də məqsədim Xudayarı təhqir etmək olmayıb”, – deyə o, bildirib.

Fuad Rəsulzadə səhətinin də yaxşıya doğru getdiyini deyib. Onun sözlərinə görə, başında tikişlər və bədənində ağrılar olsa da, vəziyyəti yaxşıya doğru gedir.

Əvvəlki məqaləAzərbaycanda “AstraZeneca” peyvəndinin tətbiqinə başlanılır
Növbəti məqalədəRusiyada 9 milyon insan koronavirus əleyhinə peyvəndin hər iki dozasını vurdurub