Avropa Məhkəməsi Azərbaycana qarşı üç şikayət üzrə qərarını elan edib

İyunun 10-da Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan daha üç iş üzrə qərarını elan edib.

“Emin Ələkbərov və başqaları (6 nəfər) Azərbaycana qarşı” iş üzrə Avropa məhkəməsi hesab edib ki, ərizəçilərə qarşı Avropa İnsan Hüquqları Konvensiyasının 5.1-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ) maddəsi pozulub.

Məhkəmə 7 ərizəçinin hər birinə 3 min avro (cəmi 21 min avro) ödəmənilməsi barədə qərar çıxarıb. Əlavə 1000 avro bütün ərizəçilərin məhkəmə xərcləri üçün ödənilməlidir.

Bu iş Səid Nursi dini cərəyanının 7 nümayəndəsinin şikayətinə aid olub. 2015-ci ildə Gədəbəy rayonunda fərdi evdə onların toplantısının qarşısı alınıb. Dini yığıncağın iştirakçıları polisə aparılıb və bütün gecəni orada saxlanılıblar. Ertəsi gün onlara inzibati cərimə təyin edilib. Ölkənin yuxarı məhkəmə instansiyaları bu qərarı qüvvədə saxlayıb.

Ərizəçilər Avropa İnsan Hüquqları Məhkəməsindən onların Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ), 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 9-cu (dini etiqad azadlığı hüququ) maddələri üzrə hüquqlarının pozulmasının tanınmasını xahiş ediblər.

“Vidadi Əli oğlu İnsanov Azərbaycana qarşı” işində hökumət ərizəçiyə 5000 avro və məhkəmə xərclərinin ödənilməsi üçün daha 1000 avro kompensasiya ödəməlidir.

Ərizəçi – keçmiş səhiyyə naziri Əli İnsanovun oğlunun şikayəti onun xaricə getməsinə qadağa qoyulması ilə bağlı olub və o, hərəkət azadlığının pozulmasından şikayət edib.

“Ş.A. Azərbaycana qarşı” işini Avropa məhkəməsi baxılmadan çıxarmağı qərara alıb, çünki 31 mart 2021-ci il tarixində iddiaçı özü müraciət edərək işin davam etdirilməsindən imtina edib.

Şikayət Ekologiya Nazirliyinin “Şahdağ” Milli Parkının ərazisində dağlara yürüşü qadağan etməsilə bağlı olub. Qadağa isə Ekologiya Nazirliyinin ərizəçinin adını “arzuolunmaz şəxslərin qara siyahısı”na daxil etməsilə bağlı olub.

Yerli məhkəmələr onun şikayətini təmin etməyiblər. Ərizəçi Avropa məhkəməsindən onun hüquqlarının Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 4-cü (hərəkət azadlığı) maddələri üzrə pozulmasının tanınmasını xahiş edib.

Əvvəlki məqalə13 deputat əlilliklə bağlı yeni qanuna səs vermədi
Növbəti məqalədəCənubi azərbaycanlı fəal Pərisa Rəfii həbsxanadan azad edilib