Ermənistan “konyak” sözündən imtina edir

Ermənistan istehsalçıları 2043-cü ildən etibarən “konyak” sözündən istifadədən imtina edəcəklər. Onlar bazarı itirməmək üçün yeni ad axtarırlar.

Bu barədə TASS-a Ermənistanın baş nazir müavini səlahiyyətlərini icra edən Mqer Qriqoryan bildirib.

Qərar Ermənistan və Avropa İttifaqı arasında genişlənmiş tərəfdaşlıq haqqında saziş çərçivəsində qəbul edilib. Ölkə artıq məhsulların ixracı zamanı “konyak” sözündən istifadə etməyəcək, belə ki, bu terminlə yalnız Fransanın Şaranta departamentində (Konyak şəhəri orada yerləşir) istehsal edilən içkilər adlandırıla bilər.

Həmçinin, 2032-ci ildən etibarən Ermənistanın daxili bazarı üçün də “konyak” adından istifadə qadağan ediləcək. Aİ Yerevana üç milyon avro məbləğində maliyyə yardımı verəcək. Qriqoryan vicdansız satıcıların bundan sonra da bu brenddən istifadə edəcəyindən çəkinir.

Aİ-nin proqramı erməni konyakı üçün yeni ad düşünülməsini, onun reklamının və marketinqinin həyata keçirilməsini nəzərdə tutur. Bu proqram Avropa Qonşuluq Aləti çərçivəsində Aİ büdcəsindən maliyyələşdirilir. Son üç ildə erməni konyakının ixrac həcmi təxminən 0,5 milyard dollar təşkil edib, bunun təxminən 79%-i Rusiyaya ixrac edilib.

Əvvəlki məqaləŞəhriyar Məmmədyarovun qazancı bəlli oldu
Növbəti məqalədəBMT: Myanmada 1 milyon insanın köməyə ehtiyacı var