“Gəncə işi” üzrə həbs olunanların yaxınları etiraz aksiyası keçirib

Bu gün, iyunun 21-də “Gəncə işi” üzrə həbs olunanların yaxınları Prezident Administrasiyasının binasının qarşısında etiraz aksiyası keçirib. Polis aksiyaya müdaxilə edib, aksiya iştirakçıları avtobusla ərazidən uzaqlaşdırılıb.  Saxlanılan olmayıb.

Təqsirləndirilən şəxslərin yaxınları prezidentə və vitse-prezidentə müraciət edərək övladlarının günahsız olduğunu və azadlığa buraxılmasını tələb edib.

Aksiya iştirakçıları övladlarının fotolarını qaldırıb. Onlar “Gəncə məhbuslarına” azadlıq şüarı səsləndirdikləri zaman polislərlə qarşıdurma yaşanıb.

3 iyul 2018-ci ildə Gəncədə şəhərin o zamankı icra hakimiyyəti başçısı Elmar Vəliyevə sui-qəsd törədilib. Gəncə sakini Yunis Səfərov onu və cangüdənini yaralayıb.

Bundan sonra iyulun 10-na Gəncə administrasiyasının binası qarşısında etiraz aksiyası təyin edilib. Həmin gün şəhərdə iğtişaşlar baş verib və iğtişaşlar zamanı iki polis zabiti qətlə yetirilib. Bunun ardınca dindarların və başqa şəxslərin kütləvi həbsləri başlayıb.

Bu hadisələr üzrə 70 nəfərə qarşı cinayət işi qaldırılıb. Təqsirləndirilən şəxslər 6 ildən 18 ilədək azadlıqdan məhrum ediliblər. 10-a yaxın şəxs şərti olaraq azad edilib.

Əvvəlki məqaləTəhsil haqqını ödəməyə dəstək verəcək fond heç də hamını sevindirmir
Növbəti məqalədəAvropa İttifaqı Rusiyaya sanksiyalarla bağlı qərar verib