Amnesty International Tehran həbsxanasında saxlanılan Əlirza Fərşinin azadlığını tələb edir

Amnesty International təşkilatı Tehran həbsxanasında saxlanılan türk dil haqları fəalı Əlirza Fərşinin sağlamlıq vəziyyəti ilə əlaqədar narahat olduğunu bildirib. Beynəlxalq qurum İran rəsmilərindən fəalın dərhal sərbəst buraxılmasını tələb edir.

“Əlirza Fərşi dil hüquqlarını müdafiə etmək, həbs edilən fəallar haqqında onlayn məlumat yaymaq və digər dinc fəaliyyətləri üzündən əsassız olaraq Böyük Tehran Mərkəzi Həbsxanasında saxlanılır. İran rəsmiləri onu göz vəziyyəti və yüksək qan şəkəri problemi ilə əlaqədar tibbi yardımdan məhrum buraxırlar,” insan haqları qurumunun iyulun 20-də yayımladığı bəyanatda dərc edilib.

Amnesty International İran Məhkəmə Hakimiyyətinin sədri Qulamhüseyn Mohsüni Ejeyiyə ünvanladığı bəyanatda Fərşini vicdan məhbusu adlandırıb və onun qeyd-şərtsiz sərbəst buraxılmasını tələb edib.

Əlirza Fərşi göstərdiyi fəaliyyətlər səbəbilə daha əvvəl universitet müəllimi vəzifəsindən uzaqlaşdırılıb. O hazırda Tehran həbsxanasında dil hüquqları uğrunda göstərdiyi fəaliyyətlər səbəbilə məhkum olduğu 2 illik həbs cəzasını çəkməkdədir. Türk dil haqları fəalı bu iki ili başa vurduqdan sonra iki il sürgünə göndəriləcək. O, əlavə olaraq başqa bir məhkəmənin qərarı ilə 4 il və 2 ay əlavə həbs, 2 il qeyri-hökümət təşkilatlara üzvlükdən məhrumiyyət və Tehran Bələdiyyəsində 2 ay məcburi əmək cəzasına məhkum edilib.

Əvvəlki məqaləOmbudsman: “Erkən evlilik halları problem olaraq qalmaqdadır”
Növbəti məqalədəMüxalifət lideri Tixanovskaya ABŞ-ı Belarusa sanksiya tətbiq etməyə çağırır