Yeni əldə olunan dəlillərə görə, Azərbaycan, jurnalistlərinə qarşı İsrailin kiber-izləmə qurğularını istehsal edən NSO Group şirkətinin casus proqramından istifadə edib. Sızdırlan şübhəli hədəflər siyahısında 200-dən çox şəxsin adı hallanır.
Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi (OCCRP) Azərbaycanda jurnalistlərin və başqa ictimai fəalların telefonlarının izlənməsinə dair yeni dəlillər əldə edib. Qurumun iyulun 18-də yayılan yeni araşdırmasını təqdim edirik.
Bu ilin may ayında OCCRP-nin üç baş redaktoru illərdir, görmədiyi bir qadınla görüşmək üçün Ankaraya yollanıb.
Xədicə İsmayılova Azərbaycanın ən tanınmış araşdırmaçı jurnalisti olmaqla yanaşı, həm də onların uzun illər həmkarı və yaxın dostudur: demək olar ki, onlar bir ailədirlər. O, gördüyü işlərə görə, 18 ay ərzində həbsə məhkum edilib və 5 ildən çox ölkədən çıxışına qadağa qoyulub. İndi isə nəhayət ki, o, azaddır.
Görüş şənliyi gecəyarısına qədər davam etdi. Bu, həqiqi bir ziyafət axşamı idi, masa müxtəlif salatlarla, qızardılmış balıq və türk qəlyanaltıları ilə dolu idi. Xədicə ənənəvi yarpaq dolması da hazırlamışdı – yarpağı isə xüsusi olaraq Azərbaycandan gətirmişdi.
Həmin axşam o, həbsxana xatirlərini də bizimlə bölüşdü: orada dişini çəkdirəndən sonra həbsxana işçilərindən ağrıkəsici qəbul etməməyindən, yemək və məsləhətlərini məhbəs həyatını birgə yaşadığı digər qadınlarla (peşəkar cinayətkar qadınlar da daxil olmaqla) bölüşməyindən və beləliklə, onların etibarını və sevgisini qazandığından da bəhs etdi: “Onların “psixoloqu” idim”. Xədicənin danışdıqları arasında yeni baş verən və daha kədərli hekayələr də vardı – onun 20 yaşlı bacısıoğlu ötən il Ermənistan və Azərbaycan arasında baş verən müharibədə həlak olmuşdu.
Ancaq gülüş və göz yaşlarından əlavə, ortamda bir gərginlik də vardı. OCCRP redaktorları aylardır ki, Xədicədən bir məlumatı saxlayırdılar. Artıq həmin məlumatın onunla paylaşmaq zamanı olduğunu və Türkiyəyə gəlmələrinin əsas səbəbini ona deməli idilər.
İki ildən çoxdur ki, Xədicə İsmayılovanın iPhone mobil telefonu Pegasus proqramı tərəfindən hədəfə alınıb və ələ keçirilib. Bu proqram, yüksək dərəcədə dəqiqliklə hazırlanmış və qorxunc imkanları sayəsində istifadəçini izləyə, ondan gizli olaraq müxtəlif əməliyyatlar aparmağa qadirdir. Pegasus, telefon zənglərini yaza və mətn mesajlarını oxuya bilir, telefonda olan bütün foto və şifrələri götürmək, GPS-i izləmək və gizli şəkildə audio, video yazmaq qabiliyyətindədir. Telefon, sahibinə kiçik bir qüsuru göstərəcək signal belə vermədən Pegasus, bütün məlumatları onun gizli operatorlarına asanlıqla yönəldə bilir.
Proqram, İsrailin özəl kiber-nəzarət şirkəti olan NSO Group tərəfindən yaradılıb və göründüyü kimi dünyada avtokratik rejimlərdən biri kimi tanınan Azərbaycana tədarük edilib.
OCCRP jurnalisti Miranda Patrucic (sağda) Xədicə İsmayılovaya sızdırılan hədəf siyahısını göstərir. Xədicənin adı da həmin siyahıdadır.
Xədicə İsmayılova hədəfə alınan tək şəxs deyil. Dünyanın dörd bir tərəfindən olan yüzlərlə jurnalist və fəallar da Pegasus-un hədəf siyahısında ola bilərlər. Onların adları 50.000-dən çox telefon nömrəsinin yer aldığı sızdırılımış siyahıdan müəyyən edilib ki, bu da NSO Group-un müştəriləri tərəfindən hədəfə alınan nömrələrdir. Bu siyahı Forbidden Stories (Qadağan Edilmiş Hekayələr) və Amnesty International tərəfindən əldə edilərək OCCRP və digər 15 media orqanları arasında paylaşılıb.
Layihə haqqında
Pegasus qlobal araşdırma layihəsi 10 müxtəlif ölkədə 17 media orqanlarında çalışan 80-dən çox jurnalist tərəfindən dərc edilib. Layihə, Forbidden Stories tərəfindən və Amnesty International təşkilatına aid Təhlükəsizlik Laboratoriyasının texiniki dəstəyi ilə həyata keçirilib. Lakin X.İsmayılovanı xəbəri eşitdiyi məqamdan narahat edən yeganə şey onun kimisə ələ verib-verməməsi idi. O, bütün gecə bu haqda düşünür, kimə nə göndərdiklərini bir-bir xatırlamağa çalışırdı:
“Bu, fəlakətdir”, – Xədicə növbəti gün bildirdi: “Hər bir şəxsi hədəfə çevirmiş olursan”.
Mindən çox nömrənin toplandığı siyahını nəzərdən keçirərkən o, nömrələri ardarda tanıyırdı: “Bacısının qızı. Dostu. Taksi sürücüsü”.
“Taksi sürücüm”, – deyə yenə ağlamağa başladı: “Bacım qızı da buradadır”.
Hakimiyyətin gizli aləti, nəinki hədəfdə olan şəxsin özünü, onun ətrafında olan dostlarını, yaxınlarını və həmkarlarını da hədəfə almış olur – məhz bu detal, Pegasus layihəsinin əsas tapıntısıdır.
Lakin bu məsələdə başqa şeylər də yer alır. NSO Group çox gizli bir şirkət olduğundan bugünədək Azərbaycan hakimiyyətinin onun müştərisi olub-olmaması təsdiq edilməmişdi. Lakin mindən çox sızdırılan Azərbaycan mobil nömrələrinin dəqiq siyahısı bu proqramın hansı məqsədlə istifadə edildiyini açıq göstərir.
Jurnalistlər qeyd edilən mobil nömrələrin istifadəçilərini müəyyənləşdirmək üçün aylar sərf ediblər və nəticədə siyahının dörddəbirini dəqiqləşdirməyə nail olublar.
NSO Group özünü terror və cinayəti vaxtında müəyyən edib qarşısını almaqda dövlətlərə yardım edən bir şirkət kimi qələmə versə də, Azərbaycan bu alətdən sistematik şəkildə sui-istifadə edib. Jurnalistlər müəyyən ediblər ki, siyahıdakı nömrələrdən bəziləri jurnalist, fəal, vəkil və ölkənin müxalif düşərgələrində mübarizə aparan şəxslərə aiddir.
- Azərbaycan hökumətinin NSO Group-un müştərisi olduğuna və ya sözügedən siyahıda adı çəkilənlərin hədəfə alınmaq üçün seçildiklərinə dair qəti bir dəlil yoxdur. Ancaq aşkar edilən dəlillərin çəkisi bunun belə olduğunu göstərir. Dəlillər onu təsdiq edir ki, siyahıda olan mobil nömərlərdən ikisi Pegasus proqramına yoluxdurulub. Siyahıda yer alan digər nömrələr bir çox müxalifətçi, müstəqil jurnalist və rejimə qarşı çıxanlara aiddir. Bundan əlavə, elə hallar da olub ki, siyahıda olan nömrə istifadəçiləri onlara aid şəxsi məlumatları ələ keçirib ictimaiyyətə sızdırılması hallarına da məruz qalıblar.
- NSO Group Azərbaycan haqqında verilən spesifik suallara cavab verməyib. Lakin şirkət iddia edir ki, layihədə jurnalistlərin istifadə etdiyi məlumatlar təhrif olunub. Şirkət, müştərilərinə proqramdan sui-istifadə etmələrinə icazə vermədyini bildirərək, bir daha vurğulayıb ki, bu proqram, yalnız cinayətkar və terroristləri izləmək üçün hazırlanıb.
Atəş altında olan rejim opponentləri
Müəyyən edilən 245 Azərbaycan mobil nömrəsindən 50-dən çoxu müxbir, redaktorlar və ya media orqan sahiblərinə məxsusdur.
Bu məsələ, Prezident İlham Əliyev hakimiyyətinin uzun illərdir, mətbuat azadlığına qarşı etdiyi təzyiqləri qınayan insan haqları nəzarətçiləri və beynəlxalq təşkilatlar üçün kiçik bir sürpriz ola bilər. Lakin casusluğun aparıldığı səviyyə hamını heyrətə gətirir.
Özlüyündə bütöv bir media orqanı kimi təqdim edilə biləcək X.İsmayılovadan əlavə, Azərbaycanın ən tanınmış müstəqil xəbər mənbələrindən biri də Meydan TV-dir. Bu xəbər portalı, xəbərləri izləyicilərinə əsasən YouTube və Facebook üzərindən çatdırır. MeydanTV-nin 750.000-dən çox izləyicisi var.
2013-cü ildə baş verən böyük siyasi təzyiqlərin ardından MeydanTV-nin təsisçiləri, təşkilatın baş ofisini Berlində yaratmaq qərarına gəlirlər. Baxmayaraq ki, kanalla əməkdaşlıq edən müxbirlər əsasən Azərbaycanda gizli şəkildə fəaliyyət göstərirlər.
MeydanTV-nin tanınmış müxbirlərindən biri və X.İsmayılovanın yaxın rəfiqəsi Sevinc Vaqifqızının da mobil nömrəsi sızdırılmış siyahıda yer alır. O, Berlində iş təcrübəsi keçdiyinə görə, OCCRP onunla görüşüb və onun mobil telefonunu xüsusi yoxlanışdan keçirib.

