Biləsuvarda sakinlər su qıtlığına etiraz edirlər

İyulun 28-də Biləsuvar rayonunda bir qrup yerli sakin  su problemilə bağlı rayon İcra Hakimiyyətinin binasının yerləşdiyi küçəni bağlamağa cəhd edib.

Polis aksiya iştirakçılarının bəzisini saxlayıb. Profilaktik söhbətdən sonra onları buraxıblar.  Ancaq etirazçıların bir hissəsini İcra Hakimiyyətində qəbul  ediblər.

Aksiyanın keçirilməsinə su qıtlığı və məmurların özbaşınalığı səbəb olub.  Onlar mövqelərindən sui-istifadə edərək fermerləri əkin sahələrinin suvarılması üçün sudan məhrum edirlər.  Məmurlar suyu öz sahələrinə və nəzarətlərində olan təsərrüfatlara yönəldirlər.

Problem məmurların Araz çayından gələn suyu faktiki olaraq mənimsədikləri üçün kəskinləşib. Çayda suyun səviyyəsinin azalması ilə vəziyyət daha da gərginləşib.

İsmətli kənd sakini İxtiyar Ağayev Turan-a bildirib ki, su qıtlığına görə pambıq, tərəvəz və buğda məhsulu məhv olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayevin məlumatına görə, Biləsuvar rayonunun Yuxarı Cürəli və Təzəkənd kəndlərinin bir qrup sakini rayon icra hakimiyyətinin yerləşdiyi küçəni bağlamağa cəhd edərək, nəqliyyatın hərəkətinə maneə yaradıblar:

“Polis əməkdaşları tərəfindən edilən xəbərdarlıqlara riayət etməyən və ictimai qaydanı pozan bir neçə şəxs polis şöbəsinə gətirilib.

Digər sakinlər isə onları narahat edən məsələ ilə bağlı, yəni su problemi ilə əlaqədar rayon icra hakimiyyətinin başçısı və rayondakı digər aidiyyəti qurumlar tərəfindən qəbul edilib”.

O qeyd edib ki, onların şikayətləri dinlənilib və problemlərinin həlli istiqamətində tədbirlər görülür.

Əvvəlki məqaləTəhsil tələbə kreditlərinin verilməsi qaydası açıqlandı
Növbəti məqalədə“Yeni Klinika”nın daha üç əməkdaşı həbs olundu