Erməni hərbçilərin hər biri 6 il azadlıqdan məhrum edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 13 nəfər erməni hərbçidən ibarət sayca dördüncü qrupun işi üzrə proses davam etdirilib.

Dövlət ittihamçısı onların hamısının sərhədi qanunsuz keçməkdə və qanunsuz silah saxlamaqda təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Bu zaman prokuror terrorçuluq və qanunsuz silahlı birləşmə yaratmaq haqqında maddəni ittihamlar arasından çıxarmağı təklif edib.

Bundan sonra vəkillərin çıxışları başlayıb, proses davam edir.

Daha sonra prosesdə hökm oxunub.

Hökmə əsasən, qrup üzvləri Cinayət Məcəlləsinin 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə təqsirli biliniblər, onların hər biri 6 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdə qeyd olunub ki, təqsirləndirilən şəxslər təyin olunmuş cəzalar başa çatdıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından məcburi qaydada kənara çıxarılmalıdırlar.

Bu qrupdakı müttəhimlər Astanyan Yegiş Oqanesoviç, Aramyan Karen Armenoviç, Avakyan Tiqran Manikoviç, Qevorkyan Qriqor Qevorkoviç, Manukyan Ovsep Robertoviç, Martirosyan Qevorq Samueloviç, Qevorkyan Robert Ovikoviç, Avetisyan Vaqarşak Aşotoviç, Akopyan Volodi Qaqiqoviç, Sukiasyan Andranik Srapoviç, Manukyan Andranik Tiqranoviç, Saqateryan Qriqor Seyranoviç və Qiraqusyan Eduard Armenoviçdir.

Adı çəkilən şəxslər Ermənistan ordusunun 2020-ci il dekabrın 13-də Hadrutda Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyatı zamanı əsir götürülmüş hərbi qulluqçularıdır. Ümumilikdə 60 nəfərdən çox hərbçi saxlanılıb. Sonradan bir neçə nəfər azad edilib.

Bu hadisələrlə bağlı 40 nəfər 3 qrup şəklində artıq mühakimə olunub. Onların 12 nəfəri şərti cəza alıb və iyulun əvvəllərində minalanmış ərazilərin xəritələri müqabilində azad edilib.

Daha 3 nəfər 4 il, digərləri 6 il həbs cəzası alıb.

Əvvəlki məqaləKonqresdə Azərbaycana hərbi yardıma blok qoyan təklif qəbul edildi
Növbəti məqalədəGürcüstan iqtidarı müxalifətlə razılaşmanı ləğv edir