Konqresdə Azərbaycana hərbi yardıma blok qoyan təklif qəbul edildi

ABŞ Konqresinin Nümayəndələr Palatasında ölkənin xarici yardımları nəzərdə tutan qanununa konqresmen Frenk Pallone və onun Konqresdəki Erməni kokusu (qrupu) üzrə həmkarlarının düzəlişi qəbul olunub.

Bütünlükdə sözü gedən qanunun leyhinə 217, əleyhinə 212 səs verilib.

Bu barədə məlumat ABŞ Konqresinin rəsmi saytında dərc olunub.

Növbəti mərhələdə bu qanun Senatda baxılaraq səsə qoyulmalıdır.

Amerika Erməni Milli Komitəsinin (ANCA) yaydığı xəbərdə deyilirdi ki, Pallonenin təklif etdiyi düzəliş Azərbaycan silahlı qüvvələrinə ABŞ-ın maliyyə və təlim yardımının bloklanmasını nəzərdə tutur.

Bu barədə konqresmenin özü də iyulun 28-də Twitter-də yazıb:

“Azərbaycanın bugünkü hücumu Ermənistan torpağını oğurlamaq və onun demokratiyasını pozmaq planının tərkib hissəsidir. Əgər bu təcavüzə laqeydlik davam edərsə, onlar ölümcül hücumlarını maneəsiz davam etdirəcəklər. Mənim Nümayəndələr Palatasının xərclər barədə qanununa düzəlişim Azərbaycan qüvvələrinin maliyyələşdirilməsinin dayandırılmasına bir mesajdır”.

ANCA-nın xəbərində deyilir ki, “Pallone Düzəlişi” “Beynəlxalq Hərbi Təhsil və Təlim” və “Xarici Hərbi Maliyyələşdirmə Proqramı” qanunları üzrə Azərbaycana hər hansı vəsaitlərin dayandırılmasını nəzərdə tutur.

Bu da qeyd olunur ki, sözü gedən dəyişiklik Azərbaycana ABŞ Müdafiə Nazirliyinin xətti ilə hərbi avadanlığın verilməsi imkanlarına təsir göstərməyəcək.

ABŞ Nümayəndələr Palatasındakı Erməni kokusuna demokratlar Frenk Pallone, Adam Şiff, Ceki Speyer və respublikaçılar Qus Bilirakis, Deyvid Vaaldao daxildirlər.

Sözü gedən düzəlişə bir neçə başqa konqresmenlər də dəstək veriblər. Onların arasında kaliforniyalı demokrat Cudi Çu da var. O iyulun 28-də bu barədə bəyanatla çıxış edib.

Xanım Çu bildirib ki, ABŞ Nümayəndələr Palatasının ABŞ-ı bu məsələdə “düzgün mövqeyə çıxarmaq” və Azərbaycanın zoraklılığa son qoyması üçün ona təzyiq göstərmək imkanı var.

Erməni maraqlarının fəal lobbiçisi Konqresmen Frank Pallone, Konqresin Erməni Klubunun digər üzvləri ilə birlikdə Azərbaycana maliyyə və hərbi yardım verilməsini qadağan edən düzəlişin irəli sürdükdən bir neçə saat sonra Vaşinqton bəyanat yayaraq “Ermənistanla Azərbaycan arasındakı beynəlxalq sərhəddə son zamanlar şiddətin artmasını” pislədiyini bildirib.

“ABŞ son vaxtlar Ermənistan- Azərbaycan arasındakı beynəlxalq sərhəddə şiddətin artmasını pisləyir. Ermənistanı və Azərbaycanı atəşkəs öhdəliklərinə riayət etməyə və vəziyyətin de-eskalasiyası üçün təcili addımlar atmağa çağırırıq”, – Dövlət Departamentinin sözçüsü Ned Prays Ermənistan-Azərbaycan sərhədindəki son gərginliyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədi boyunca davam edən gərginlik bir daha sübut edir ki, bütün həll edilməmiş problemlərin həllinə yönələn hərtərəfli həll planı hər iki ölkə arasında münasibətlərin normallaşmasına və region xalqının dinc şəkildə birgə yaşamasını təmin edə bilər.

“ABŞ Ermənistanı və Azərbaycanı münaqişənin dayanıqlı siyasi həllinə nail olmaq üçün ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında əsaslı müzakirələrə mümkün qədər tez qayıtmağa çağırır”, -deyə Ned Prays vurğulayıb.

Əvvəlki məqaləPaşinyan sərhəd boyunca KTMT müşahidəçilərinin yerləşdirilməsini təklif edib
Növbəti məqalədəErməni hərbçilərin hər biri 6 il azadlıqdan məhrum edilib